5 ildir Ukrayna “bataqlığında” ilişib qalan Rusiyadan postsovet ölkələrinə hədələr bitmir. Xüsusən də müstəqil və ya çoxşaxəli xarici siyasət yürütməyə çalışan “Yaxın xaric” dövlətləri Moskvanın gözündə əsl “cin-şeytan” qismindədir.
Axır vaxtlar Kremlin tez-tez nişangahına gələn ölkə isə Ermənistandır. Bunun bir səbəbi Paşinyan hökumətinin Qərbyönlü kursa can atması, iqtisadiyyatı Rusiyanın inhisarından çıxarmaq istəməsidirsə, digər səbəb – Kreml açıq bəyan eləməsə də – Nikolun “Qarabağ mövzusunu” həmişəlik qapadıb, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq yönündə atdığı real addımlardır.
Bütün bunlar isə Rusiyanın bölgədəki imperiya maraqları ilə əlbəttə ki, uzlaşmır. Odur ki, hədə hədə dalınca gəlir…
Son olaraq Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa şantaj tonunda deyib ki, Moskva İrəvanın Qərblə yaxınlaşmaq siyasətini davam etdirəcəyi təqdirdə ona illər ərzində verilmiş “hədiyyə” və güzəştləri ləğv edəcək. O da bildirib ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında qala bilməyəcək.
Sitat: “Onlar Rusiyadan bütün güzəştləri almaq, eyni zamanda, Qərbin oyununa qoşulmaq istəyirlər. Qoy qoşulsunlar. Onda biz də uzun illər ərzində bu ölkəyə verdiyimiz bütün hədiyyələri geri götürəcəyik. Paşinyan üçün çox çətin olacaq”.

Belə. İnsafən, rus deputatın sözlərində həqiqət payı az deyil. Gerçək bu ki, Ermənistan tarix boyu Kremlin regionda “maşası” olmaq qarşılığında ondan siyasi, iqtisadi-maliyyə və energetik xarakterli bir çox güzəşt və ənam qoparıb. Misal üçün, günü bu gün də Rusiya öz qazını İrəvana dünya qiymətlərindən xeyli ucuz satır.
Ancaq rusun erməniyə ən böyük hədiyyəsi təbii ki, Qafqazda ona Türk torpaqları hesabına süni dövlət qurub sonra da ərazisini genişləndirməsidir. Bu gün Naxçıvan Azərbaycanın materik hissəsindən niyə ayrı düşüb? Çünki 1921-ci ilin noyabrında Moskva “sapı özümüzdən olan baltaların” əli ilə Qərbi Zəngəzuru Azərbaycandan qopararaq, Ermənistana hədiyyə edib.
Ruslar bu “hədiyyəni” şübhəsiz, yaxşı xatırlayır. Ancaq ötən 105 ildə bircə dəfə də olsun, “o hədiyyəni yiyəsinə qaytarın!” deməyiblər. Ona görə ki, hədəf heç də haqq-ədaləti bərpa eləmək, yaxud “Qafqaz qaraçılarının” başına sığal çəkmək deyil və olmayıb. Əsas məram-məqsəd regionda imperiya maraqlarını qorumaq olub. Xalqları bir-birinə qırdırıb sonra da “arbitr” çuxası geymək, Türk dünyasının güclənməsini əngəlləmək, onun iki aparıcı gücü olan Azərbaycanla Türkiyə arasında quru coğrafi əlaqəni aradan qaldırmaq olub.
Zavallı erməni də bu oyunlarda məmnuniyyətlə alət olub. Zaman-zaman bəlasını çəksə də. Qısacası, Rusiya güzəşti, elə-belə eləməyib. Havayı pendir yalnız tələdə olar…\musavat.com\

Təəssüf ki, bədnam qonşular gec ayılıb. O da hələ toplum olaraq yox, təxminən yarısı. Hər halda 7 iyun parlament seçkiləri bu qənaəti yaradıb. Bu xüsusda Nikolun dünən bəyan eləməsi ki, “Azərbaycan və Ermənistan xalqları sülhün qorunmasında əsas rol oynayır və onlar elə ən etibarlı sülhməramlılardır”, ilk növbədə Kremlin ənənəvi “parçala, hökm sür” siyasətinə ciddi zərbədir. Baş nazir artıq iki ölkə arasında sülhün bərqərar olduğunu və xarici sülhməramlı qüvvələrə ehtiyac olmadığını xüsusi vurğulayıb.
Bəs erməni rusun minnətli “hədiyyələrini” qaytarmağa özündə güc-iradə tapacaqmı? Doğru, Azərbaycan beynəlxalq hüquqa, beynəlxalq səviyyədə tanınmış mövcud sərhədlərə hörmətlə yanaşır. Amma və lakin ən azından Zəngəzur dəhlizi ilə Naxçıvana maneəsiz keçid bizim halal haqqımızdır. Azərbaycandan Azərbaycana keçiddə yoxlanış ola bilməz. Olmayacaq da…
















