Türkiyənin müdafiə sənayesində mühüm uğura imza atılıb. HAVELSAN tərəfindən hazırlanan milli ADVENT Döyüş İdarəetmə Sistemi Rumıniyaya ixrac edilən CAm.ROMAN korveti ilə birlikdə ilk dəfə NATO üzvü olan bir ölkənin silahlanmasına daxil edilib.
xəbər verir ki, Türkiyə ilə Rumıniya arasında imzalanan ixrac müqaviləsi çərçivəsində ADVENT sistemi Rumıniya Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib. Bununla da sistem ilk dəfə NATO müttəfiqinin donanmasında xidmət göstərəcək.
Daha əvvəl Pakistan, İndoneziya, Ukrayna, Qətər, Oman, Nigeriya, Malayziya və Çiliyə ixrac olunan ADVENT bu dəfə Rumıniyanın əməliyyat tələblərinə uyğunlaşdırılmış xüsusi versiyada hazırlanıb.
Türkiyə Hərbi Dəniz Qüvvələri ilə sıx əməkdaşlıq şəraitində inkişaf etdirilən ADVENT yalnız bir gəmini deyil, eyni zamanda bir neçə platformanı vahid əməliyyat şəbəkəsində idarə edə bilir. Sistem təhdidlərin qiymətləndirilməsi, qərarların dəstəklənməsi, hədəflərin aşkarlanması, silah və sensorların idarə olunması kimi kritik funksiyaları yerinə yetirir. Müxtəlif rabitə protokollarını dəstəklədiyi üçün NATO və digər müttəfiq qüvvələrlə birgə fəaliyyət göstərə bilir.
İlk dəfə 2019-cu ildə TCG Kınalıada korvetində istifadəyə verilən ADVENT sonradan TCG Anadolu, TCG Ufuk və digər platformalara da inteqrasiya olunub. Hazırda sistemin süni intellekt dəstəyi ilə işləyən ADVENT AI versiyası üzərində işlər davam etdirilir.
Rumıniyaya həyata keçirilən bu ixracın digər yerli müdafiə texnologiyalarının da beynəlxalq bazara çıxışını sürətləndirəcəyi gözlənilir. Bunlara YELKOVAN elektron mübarizə sistemi və TARGAN 12,7 mm avtomatik stabilləşdirilmiş silah sistemi də daxildir.
Mütəxəssislərin fikrincə, ADVENT-in NATO ölkəsinin arsenalına daxil olması Türkiyə müdafiə sənayesinin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, yeni ixrac müqavilələri üçün də mühüm imkanlar yarada bilər./Referans Media/
















