“Valideynlər uşaqlarını yalnız nəticələrinə görə dəyərləndirməkdən çəkinməlidirlər. Çünki bu yanaşma uşağın öz dəyər hissini zəiflədir və onda yalnız uğurları ilə dəyərli olduğu düşüncəsini formalaşdırır”.
Cagdas.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov səsləndirib.

Onun sözlərinə görə, uşağı digər uşaqlarla müqayisə etmək onda öz dəyərinin başqaları ilə ölçüldüyü hissini formalaşdırır. Bu isə zamanla özünəinamın azalmasına, daxili narahatlığa və özünü daim sübut etmək ehtiyacına səbəb ola bilər.
Psixoterapevt bildirib ki, daha ciddi məqam uşağın bu yanaşmanı mənimsəyərək münasibətlərini də müqayisə üzərində qurmağa başlamasıdır:
“Uşaq zamanla valideynlərini də başqaları ilə müqayisə edə bilər. Sağlam inkişaf üçün uşağa öyrədilməli olan əsas məsələ yalnız qiymət və nəticələrin əhəmiyyəti deyil, insanın həyatdakı dəyəri, göstərdiyi cəhd, fərdi inkişafı və özünəməxsusluğudur. Uşaq anlamalıdır ki, onun məqsədi başqalarından üstün olmaq deyil, öz potensialını tanımaq və inkişaf etdirməkdir”.
R.Nəcəfov qeyd edib ki, valideynin uşağa verə biləcəyi ən böyük psixoloji dəstək onu olduğu kimi qəbul etdiyini hiss etdirməkdir:
“Uşaq yalnız uğur qazandığı zaman deyil, çətinlik yaşadığı, səhv etdiyi və uğursuz olduğu anlarda da sevildiyini hiss etdikdə, onun şəxsiyyətinin təməlində güclü emosional dayaq formalaşır. Bu hiss gələcəkdə risk etməkdən çəkinməyən, səhvlərindən öyrənə bilən və öz dəyərini başqalarının fikrindən asılı etməyən bir insanın yetişməsinə şərait yaradır”.
Psixoterapevt vurğulayıb ki, hər bir uşağın inkişaf tempi, maraqları və bacarıqları fərqlidir. Bu baxımdan, valideyn uşağını başqaları ilə deyil, özünün əvvəlki vəziyyəti ilə müqayisə etməlidir:
“Müdrik valideyn başqasının övladı ilə deyil, uşağın dünəni ilə bu gününü müqayisə edir. “Sən ötən aya nisbətən nələri bacarırsan?” sualı “Kimdən yaxşısan?” sualından daha sağlam psixoloji təsir göstərir. Çünki fərdi inkişaf üzərində qurulan yanaşma uşağın daxili motivasiyasını gücləndirir, özünü tanımasına kömək edir və ömür boyu davam edəcək sağlam özünüdəyərləndirmənin əsasını qoyur”.\musavat.com\
















