Dünyada vaxtın hesablanmasında 1972-ci ildən tətbiq olunan “artıq saniyə” (leap second) sistemi ləğv oluna bilər. Beynəlxalq vaxt ölçmə qurumları bununla bağlı təklifi bu həftə səsverməyə çıxaracaq. Təklif qəbul edilərsə, yeni qərarın 2027-ci ilin may ayından qüvvəyə minməsi gözlənilir.
Artıq saniyə nədir?
Çağdaş.Az xəbər verir ki, artıq saniyə Yerin öz oxu ətrafında fırlanma sürəti ilə atom saatlarının göstərdiyi dəqiq vaxt arasındakı kiçik fərqi aradan qaldırmaq üçün tətbiq olunur.
Yer sabit sürətlə fırlanmadığı üçün onun hərəkətində baş verən cüzi dəyişikliklər astronomik vaxtla atom saatlarının ölçdüyü Əlaqələndirilmiş Universal Vaxt (UTC) arasında fərq yaradır. Bu fərq müəyyən həddə çatdıqda UTC-yə əlavə bir saniyə daxil edilir.
İlk artıq saniyə 30 iyun 1972-ci ildə əlavə olunub. Həmin anda saat 23:59:59-dan sonra birbaşa 00:00:00 əvəzinə 23:59:60 göstərilib.
Niyə tətbiq olunur?
Yer kürəsinin fırlanma sürəti müxtəlif təbii amillərin təsiri ilə dəyişir. Bunlara aşağıdakılar daxildir:
– Ayın cazibə qüvvəsi;
– Okeanlardakı qabarma və çəkilmələr;
– Yerin nüvəsində baş verən proseslər;
– İqlim dəyişikliyi və qütb buzlaqlarının əriməsi.
Bu səbəbdən astronomik vaxt ilə atom saatlarının göstərdiyi vaxt arasında kiçik fərqlər yaranır.
1972-ci ildən etibarən dünya üzrə rəsmi vaxta ümumilikdə 27 dəfə artıq saniyə əlavə olunub. Bu, astronomik vaxtla UTC arasında uyğunluğu qorumağa imkan verib.
Mütəxəssislər bildirirlər ki, artıq saniyələrin qeyri-müntəzəm aralıqlarla əlavə olunması və bunun cəmi altı ay əvvəl elan edilməsi yüksək dəqiqlik tələb edən texnoloji sistemlərdə problemlər yaradır.
Xüsusilə:
– kompüter şəbəkələri;
– internet xidmətləri;
– peyk naviqasiyası;
– maliyyə əməliyyatları;
– telekommunikasiya sistemləri
belə dəyişikliklərdən mənfi təsirlənə bilir.
Vaxt və ölçü standartlarını müəyyən edən International Bureau of Weights and Measures-ə üzv olan 69 ölkənin “artıq saniyə” sisteminin ləğvi ilə bağlı təklifə səs verməsi gözlənilir.
Təklif qəbul olunarsa, yarım əsrdən artıq tətbiq edilən bu sistem 2027-ci ilin may ayından etibarən dayandırılacaq və qlobal vaxt standartlarında yeni mərhələ başlayacaq.


