Son günlər Azərbaycanın bir sıra bölgələrində hərbi vəzifəlilərin təlim toplanışlarına cəlb olunması ilə bağlı məlumatlar yayılıb.
Məlumatlarda əsasən 35-50 yaş aralığında bəzi hərbi vəzifəlilərin müvafiq çağırış orqanlarına dəvət edildiyi və onların təlim toplanışlarına cəlb olunacaqlarının bildirildiyi qeyd olunur.
Bununla əlaqədar hansı kateqoriyadan olan hərbi vəzifəlilərin təlim toplanışına çağırıla biləcəyi, toplanışların hansı məqsədlə keçirildiyi, eləcə də çağırışların bütün ölkəni, yoxsa ayrı-ayrı rayonları əhatə etməsi ilə bağlı suallar yaranıb.
Çağdaş.Az bildirir ki, Modern.az məsələyə aydınlıq gətirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, təlim toplanışlarına çağırılma müddəti və sayı hərbi vəzifəlinin ehtiyat dərəcəsindən və hərbi rütbəsindən asılı olaraq dəyişir.
Onun sözlərinə görə, birinci dərəcəli ehtiyatda olan çavuş, əsgər və matroslar 35 yaşadək, zabitlər isə 50 yaşadək təlim toplanışına çağırıla bilərlər:
“Birinci dərəcəli ehtiyatda olanlar – hər dəfə 1 ayadək müddətə on dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə on dəfəyədək təlim toplanışına çağırıla bilərlər.
Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq çağırıla bilərlər”.
Pərviz Sədrəddinov qeyd edib ki, ikinci dərəcəli ehtiyatda olan 45 yaşadək hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq təlimə cəlb edilə bilərlər.
Üçüncü dərəcəli ehtiyatda olan çavuş, əsgər və matroslar 50 yaşadək, gizir və miçmanlar 55 yaşadək, zabitlər isə 55 yaşadək 1 ay müddətinə bir dəfə təlim toplanışına çağırıla bilərlər.
Beləliklə, yayılan məlumatlarda göstərilən 35-50 yaş aralığı bütün hərbi vəzifəlilər üçün vahid hədd deyil. Çağırış zamanı hərbi vəzifəlinin ehtiyat dərəcəsi və rütbəsi nəzərə alınır.
Təlim toplanışlarının məqsədinə gəlincə, Dövlət Xidmətinin rəsmisi bildirib ki, proses Müdafiə Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında həyata keçirilir:
“Hərbi təlim toplanışları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan hərbi vəzifəlilərə səfərbərlik hazırlığı üzrə müvafiq vərdiş və bacarıqların aşılanması məqsədilə keçirilir”.
Çağırışların yalnız ayrı-ayrı bölgələrə aid olub-olmaması ilə bağlı suala cavab verən Pərviz Sədrəddinov qeyd edib ki, proses Müdafiə Nazirliyinin sifarişinin şərtlərindən asılı olaraq ölkənin bütün ərazisini əhatə edə bilər.
















