Rəcəb Tayyib Ərdoğan hakim AK Partinin parlamentdəki qrup iclasında çıxış edərək mühüm mesajlar verib.
Çağdaş.Az xəbərinə görə, Ərdoğan çıxışında Fələstin xalqına dəstəyini ifadə edərək bildirib ki, Türkiyə hər zaman onların yanında olacaq:
“Fələstinin qəhrəman övladlarını bir daha ehtiramla salamlayıram. AK Parti və “Cümhur İttifaqı” olaraq dualarımızla və dəstəyimizlə daim yanlarındayıq.”
Prezident çıxışında “Kut’ül Amare” Zəfərinin 110-cu ildönümünü də xatırladıb. O qeyd edib ki, bu zəfər Çanaqqala Zəfəri ilə birlikdə türk ordusunun gücünü və xalqın mübarizə ruhunu nümayiş etdirən mühüm tarixi hadisədir.
Ərdoğan vurğulayıb ki, bu dövrdə ərəb və kürd xalqları Osmanlı ordusu ilə birlikdə vuruşub və bu, region xalqları arasında həmrəyliyin əhəmiyyətini göstərir.
Prezident bildirib ki, bu gün də bölgədə qarşıdurma yaratmaq istəyən qüvvələrə qarşı ən böyük cavab birlik və həmrəylikdir:
“Eyni torpaqlarda yaşadığımız qardaş xalqlarla bizi heç kim ayıra bilməz. Çanaqqalada, Kut’ül-Amaredə və digər İslam diyarlarında şəhidlərimizin qanı ilə möhkəmlənmiş dostluğumuzu heç kim poza bilməz.”
Ərdoğan əlavə edib ki, qardaşlıq münasibətlərini pozmaq istəyənlərə qarşı Türkiyə geri addım atmayacaq və birlik mesajını davam etdirəcək.
















