“Tesla”, “SpaceX” və digər şirkətlərin sahibi Elon Mask, OpenAI-a qarşı açdığı məhkəmə işində süni intellektlə bağlı diqqətçəkən və narahatlıq doğuran açıqlamalar verib. O, şirkətin ilkin “insanlığa fayda” missiyasından uzaqlaşaraq kommersiya yönümlü fəaliyyətə keçdiyini iddia edib.
Çağdaş.Az xəbər verir ki, Kaliforniya ştatının Oklend şəhərində keçirilən məhkəmə prosesində Maskın vəkilləri bildiriblər ki, iddia maliyyə maraqları üçün deyil, “bütün insanlığın rifahı” naminə qaldırılıb. Onların sözlərinə görə, Mask OpenAI-ın qurulmasında əsas rol oynayıb və ilkin mərhələdə şirkətə böyük maliyyə dəstəyi verib.
Digər tərəf isə fərqli mövqe sərgiləyib. OpenAI nümayəndələri Maskın heç vaxt təşkilatın tam qeyri-kommersiya qurumu kimi qalmalı olduğunu demədiyini iddia ediblər. Həmçinin bildirilib ki, Mask şirkətdə nəzarəti itirdikdən sonra bu iddianı qaldırıb.
OpenAI və Microsoft tərəfi Maskın bu addımının səbəbi kimi ChatGPT-nin uğurunu və onun öz süni intellekt şirkətini qurmasını göstərib. Onların fikrincə, bu məhkəmə daha çox şəxsi maraqlarla bağlıdır.
Mask çıxışında süni intellektin insanlıq üçün həm böyük imkanlar, həm də ciddi risklər daşıdığını bildirib:
“Süni intellekt insanlığı daha rifahlı edə bilər. Amma eyni zamanda hamımızı da öldürə bilər.”
O, süni intellektin inkişafını “çox ağıllı uşağın böyüdülməsi” ilə müqayisə edərək qeyd edib ki, gələcəkdə onu tam nəzarətdə saxlamaq mümkün olmaya bilər.
Musk əlavə edib ki, süni intellekt yaxın gələcəkdə – bəlkə də artıq növbəti ildən etibarən – insan səviyyəsində intellektə çata bilər.
O, həmçinin bildirib ki, əgər məqsədi qazanc olsaydı, OpenAI-ı əvvəlcədən kommersiya layihəsi kimi qurardı. Maskın sözlərinə görə, o, bu təşəbbüsü “bütün insanlığa fayda vermək” üçün dəstəkləyib.
Qeyd edək ki, məhkəmə prosesinin təxminən üç həftə davam edəcəyi gözlənilir və dinləmələr davam edir.
















