Suriyada devrilmiş rejimə bağlı hərbi pilotlar həyata keçirdikləri hücumların pərdəarxasını açıqlayıb. “Şərqi Quta qatilləri” kimi tanınan pilotlar əmrlərin birbaşa Bəşər Əsəd tərəfindən verildiyini və mülki hədəfləri vurduqdan sonra mükafatlandırıldıqlarını bildiriblər.
Çağdaş.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pilotlardan Rami Süleyman qeyd edib ki, hücum əmrləri şəxsən Əsəd və müdafiə naziri tərəfindən verilirdi. Onun sözlərinə görə, hədəflər Hərbi Hava Qüvvələri komandanlığı vasitəsilə briqada generalı Əhməd Bellul tərəfindən faksla göndərilirdi.

Süleyman 2013-cü ildə Şərqi Qutada 1400-dən çox insanın öldüyü hücumda iştirak etdiyini deyərək bildirib ki, silahların yüklənməsi zamanı Elmi Tədqiqat Mərkəzinin əməkdaşları da iştirak edirdi.
“Bunun nə olduğunu soruşanda ‘vakuum bombası’ dedilər. 50 metr yüksəklikdən zərbə endirməyim istəndi. Koordinatlara uyğun hücumu etdim və geri döndüm. Ertəsi gün xəbərlərdən bunun kimyəvi hücum olduğunu öyrəndim,” – deyə o bildirib.

Digər pilot Munzir Savvan isə rejimin təzyiq mexanizmini belə təsvir edib:
“Əmri yerinə yetirərdim. Əks halda təkcə mən yox, valideynlərim, övladlarım və qardaşlarım da edam edilərdi. Hər kəs yaşamaq istəyir.”
Savvan bildirib ki, Dəra, Kuneytra, Duma və Quta bölgələri müxtəlif hərbi hava bazalarından qalxan təyyarələrlə bombalanırdı:
“Bizim üçün bu adi tapşırıq idi. Hədəf verilirdi, qalxıb vurur, geri qayıdırdıq. Hədəfin nə olduğunu bilmədən əmri icra edirdik.”
Pilot əlavə edib ki, hücumların nəticəsi qətliam olsa belə, tapşırıq yerinə yetiriləndən sonra mükafat alırdılar. Bununla yanaşı, o, “Şərqi Quta qatili” ittihamını rədd edərək əməliyyatlarda könüllü iştirak etmədiyini iddia edib.
Suriya rəsmiləri bu hadisələrdə iştirak edən şəxslərin ədalətli şəkildə mühakimə olunacağını açıqlayıb.
















