Xəbər verildiyi kimi, ölümcül hantavirus epidemiyasının tüğyan etdiyi kruiz gəmisi bazar günü səhər tezdən İspaniyanın Tenerife adasına çatıb.
Orada sərnişinlərin repatriasiya (vətənə qayıdış-red.) prosesinə başlanacaq.
Çağdaş.Az bu barədə “NBC News”-a istinadən xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Hondius gəmisində təsdiqlənmiş hantavirus halları və şübhəli hallar olan iki sərnişin olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri Cenevrədə keçirilən brifinqdə bildiriblər ki, hantavirusun geniş ictimaiyyətə yayılması riski “tamamilə aşağı” olaraq qalır və vəziyyətin COVID-19 pandemiyası ilə heç bir əlaqəsi yoxdur. ÜST Kabo-Verde sahillərində lövbər salmış kruiz gəmisində baş verən epidemiyaya qarşı mübarizəni əlaqələndirməyə davam edir.
ÜST-ün sözçüsü Kristian Lindmeyer qeyd edib ki, hətta yoluxmuş sərnişinlərlə yaxın təmasda olan insanların, o cümlədən sərnişinlərdən birinə xidmət göstərən stüardessanın da test nəticəsi mənfi çıxıb. O bildirib ki, bu, virusun əsasən yoluxmuş insanlar üçün təhlükəli olduğunu, lakin ümumi əhali üçün ciddi təhlükə yaratmadığını təsdiqləyir.
ÜST-ün məlumatına görə, səkkiz yoluxma halı qeydə alınıb, onlardan beşi laboratoriyada təsdiqlənib, üçü isə ehtimal olunandır. Lindmeyer vurğulayıb ki, hətta kabinəni paylaşmaq belə həmişə yoluxma ilə nəticələnmir və bu, onun insandan insana yayılma qabiliyyətinin son dərəcə məhdud olduğunu daha da nümayiş etdirir.
ÜST mövcud epidemiyanın milyonlarla insanın həyatına son qoyan 2020-ci il koronavirus pandemiyasından köklü şəkildə fərqli olduğunu vurğulayır.
Necə yoluxur?
Hantavirusun ötürülməsi adətən uzun və yaxın təmas tələb edir. Bu təmas əksər hallarda ailə üzvləri, tərəfdaşlar və ya səhiyyə işçiləri arasında olur. Lakin İsveçrədə müalicə olunan xəstənin həyat yoldaşında simptom aşkar edilməyib. ÜST sözçüsünün sözlərinə görə, bu, virusun aşağı yoluxucu olduğunu təsdiqləyir.
Səhiyyə orqanlarına məlum olan ilk xəstə 6 apreldə xəstələnib və gəmidə ölüb. Onun həyat yoldaşı Cənubi Afrikaya təxliyə edildikdən sonra ölüb, burada laboratoriya testləri hantavirus infeksiyasını təsdiqləyib . Gəmiyə minməzdən əvvəl cütlük Argentina, Çili və Uruqvaydan keçərək virusun təbii sahibləri olan gəmiricilərin yaşadığı əraziləri ziyarət etmişdilər.
Mayın 2-də daha bir sərnişin vəfat edib. Bir kişi Cənubi Afrikada reanimasiyada qalır, lakin vəziyyəti yaxşılaşır. Digər xəstələr Hollandiyadakı xəstəxanalara köçürülüb. ÜST bildirib ki, gəmidə qalan sərnişinlər və heyət üzvləri arasında xəstəliyin heç bir əlaməti yoxdur.
Hantaviruslar gəmiricilər tərəfindən daşınan zoonotik viruslardır. İnsan infeksiyası adətən yoluxmuş heyvanlar və ya onların nəcisi ilə təmas yolu ilə baş verir. Bəzi Latın Amerikası ölkələrində geniş yayılmış And ştamı insanlar arasında məhdud şəkildə ötürülə bilən yeganə məlum hantavirusdur. Hondius kruiz gəmisindəki sərnişinlər məhz bu ştama yoluxub.
Virus əvvəlcə Asiyada ortaya çıxıb və alimlər onun Avropaya gəmilərə düşmüş vəhşi siçovullar tərəfindən gətirildiyinə inanırlar. Alimlər virusun daşıyıcısı kimi çıxış edən siçovulların onu demək olar ki, dünyanın istənilən yerinə yaya biləcəyindən qorxurlar. Buna görə də, evində gəmirici saxlayanları diqqətli olmağa çağırıblar.
Hantavirus infeksiyasının simptomları qrip və ya soyuqdəyməyə bənzəyir. Ağır hallarda ağciyər zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma baş verə bilər.
2020-ci ilin mart ayında Çində hantavirus diaqnozu qoyulmuş bir kişi vəfat edib. Yunnan əyalətinin sakini olan kişi Şandunqa gedərkən ictimai nəqliyyatda ölüb.
















