Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın İranla hərbi qarşıdurmasını Vaşinqtonun “ölümcül səhvi” adlandırıb.
Cagdas.az xəbər verir ki, Lukaşenko Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalına müsahibəsində ABŞ-ın İrana qarşı başlatdığı müharibə barədə deyib: “Onlar (amerikalılar) bu addımla ölümcül səhv etdilər, belə etməməli idilər”.
Lukaşenko hesab edir ki, ABŞ İsrailə Yaxın Şərqdə ciddi bir münaqişəyə başlamağa imkan verib, halbuki Donald Tramp Benyamin Netanyahunu İrana hücumları dayandırmağa razı sala bilərdi. O əlavə edib: “Bunu mütləq edə bilərdi və bəzi son hadisələr də bunu sübut edir”.
Belarus prezidenti həmçinin bildirib: “İranı raket zərbələri ilə məğlub etmək olmaz, bunun üçün quru əməliyyatı lazımdır və bu halda minlərlə amerikalı həlak olar. ABŞ belə bir vəziyyətə dözə bilməz, xüsusilə də ölkə daxilində mövcud vəziyyət və Respublikaçılar Partiyasına qarşı artan narazılıqlar fonunda”.
Lukaşenko hesab edir ki, İranın nüvə silahına sahib olmaq hüququ var, çünki ölkə özünü müdafiə etmək imkanına malik olmalıdır.
O bu barədə suala cavabında deyib: “Nüvə silahı məsələsinə görə İrandan nə istəyirsiniz? Ədalət baxımından baxsaq, ABŞ-ın nüvə silahı yoxdur? Bəli, var. ABŞ hətta bu silahın yaradıcısıdır və uzun müddətdir ona sahibdir, hətta ondan istifadə edib. İsrail də öz nüvə silahı barədə açıq danışmır. Deməli, iranlılar da soruşa bilər: niyə bizdə olmasın? Xüsusilə də Hindistan və Pakistan da regionda nüvə dövlətləridir”.
Belarus lideri əlavə edib: “Əgər nüvə silahı çəkindirici vasitədirsə və heç kimin sənə hücum etməməsinə zəmanət verirsə, İran da digər ölkələr kimi özünü müdafiə üçün bu silaha sahib olmaq hüququna malikdir”.
Lukaşenko Avropanın Rusiya ilə bağlı tələblərini qəbuledilməz adlandırıb.
Belarus prezidenti bildirib ki, Böyük Britaniya, Almaniya və Fransanın daxil olduğu “Avropa üçlüyünün” Rusiyadan Ukrayna münaqişəsinin həlli ilə bağlı tələbləri Moskva üçün qəbuledilməzdir.
O deyib: “Beş bəndlik bir bəyanat var, orada Rusiyaya qarşı tələblər irəli sürülür və bunlar qəbul edilə bilməz. Avropalılar əgər həqiqətən danışıqlar istəyirlərsə, əvvəlcə maksimum tələblər irəli sürürlər ki, sonra onlardan geri çəkilə bilsinlər”.
Lukaşenko bildirib ki, Vladimir Putinlə dəfələrlə Belarusun Ukrayna müharibəsinə cəlb olunmaması barədə danışıb. Onun sözlərinə görə, belə bir addım qətiyyən yolverilməzdir.
O əlavə edib ki, Belarusun münaqişəyə daxil olması NATO ilə birbaşa müharibəyə gətirib çıxara bilər.
Lukaşenko bildirib ki, əgər Rusiya qüvvələri Donbasın şimalında Ukrayna ordusunun böyük qruplaşmasını mühasirəyə alsa, Ukrayna ordusunun vəziyyəti kritik olacaq.
O deyib ki, Donbas Ukrayna ordusunun əsas dayaq nöqtəsidir və onun itirilməsi müharibənin gedişini dəyişə bilər.
Eyni zamanda o qeyd edib ki, həm Ukrayna, həm də Yaxın Şərq münaqişələrinin hərbi yolla həlli yoxdur və yalnız danışıqlar yolu ilə həll edilə bilər.
Lukaşenko münaqişələrin 2026-cı ildə bitə biləcəyini deyib.
Onun sözlərinə görə, siyasi iradə olarsa, münaqişələr bu il də dayandırıla bilər.
Belarus prezidenti dünya üzrə nüvə silahsızlaşdırmanı dəstəklədiyini bildirib və bunun ABŞ, Rusiya, Çin, İsrail, Hindistan, Pakistan və digər ölkələrə şamil edilməli olduğunu deyib.
O qeyd edib ki, nüvə silahı həm də böyük risk daşıyır və gələcəkdə qlobal fəlakətə səbəb ola bilər.
Lukaşenko deyib ki, Belarus müharibədən qaçmaq üçün hər zaman ona hazır olmağa çalışır.(Modern.az )
















