Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə korrupsiya faktları ilə bağlı araşdırmaların davam edəcəyini və hüquqi əsas olduğu halda hakim partiyanın üzvləri də daxil olmaqla heç kimin istisna edilməyəcəyini bildirib.
Cagdas.az xəbər verir ki, Paşinyan Ermənistanda sistemli korrupsiyanın mövcudluğu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən belə deyib:
“Həbs edilməli olanlar həbs ediləcək, həbs edilməməli olanlar isə edilməyəcək. Bu, hər bir işin faktiki hallarından, sübutlardan və hüquqi əsaslardan asılıdır”.
Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərinin də toxunulmaz olmadığını vurğulayıb.
“Əgər partiyanın bir üzvü həbs olunubsa və digərinin də həbsinə kifayət qədər hüquqi əsas varsa, onun azadlıqda qalması üçün heç bir səbəb yoxdur. Həbs üçün kifayət qədər hüquqi əsas olan şəxs həbs olunacaq”, – Baş nazir bildirib.
O, mətbuatda yayılan məlumatların hüquq-mühafizə orqanlarının araşdırmasına səbəb ola biləcəyini, lakin həmin məlumatların özlüyündə hökm olmadığını qeyd edib.
Paşinyanın sözlərinə görə, korrupsiya ilə bağlı məlumat ehtiva edən media materialları istisnasız olaraq ya əməliyyat qurumlarına, ya da hüquq-mühafizə orqanlarına göndərilir.
Baş nazir Ermənistanda sistemli korrupsiyanın olması fikri ilə razılaşmayıb. Onun arqumentinə görə, korrupsiya hallarının hüquq-mühafizə orqanları tərəfindən üzə çıxarılması sistemin həmin halları himayə etmədiyini göstərir.
Paşinyan həmçinin hökumətin hüquq-mühafizə sisteminə böyük həcmdə vəsait yatırdığını və qurumların şübhəli şəxslərlə bağlı araşdırma aparmaq imkanlarının genişləndirildiyini bildirib.\modern.az\
















