Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Çin lideri Si Cinpinə təbrik məktubu göndərib. O, iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığını və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini bildirib.
Çağdaş.Az xəbər verir ki, Kremlin rəsmi saytında yayımlanan təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini vurğulayıb.
Rusiya lideri qeyd edib ki, hər iki ölkə daha ədalətli, çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq edir.
Putin həmçinin Si Cinpinlə Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşünün səmərəli olacağına və iki ölkə arasındakı hərtərəfli tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.
O, Si Cinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini də qeyd edib. Putinin sözlərinə görə, Pekin regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynayır.
Rusiya Prezidenti məktubunun sonunda çinli həmkarına möhkəm cansağlığı, rifah və yeni uğurlar, Çin xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıb.


