Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN mini və mikro pilotsuz uçuş aparatları (PUA), eləcə də yeni nəsil FPV dron təhdidlərinə qarşı hazırladığı KANGAL FPV 100 və EJDERHA AD 210 sistemlərinin imkanlarını sahədə nümayiş etdirib.
Çağdaş.Az xəbər verir ki, şirkətin açıqlamasına görə, dəyişən təhlükə mühitinə uyğun olaraq hazırlanan elektron mübarizə sistemlərinin imkanları Gölbek Atış ve Test Mərkəzində keçirilən nümayiş tədbirində təqdim olunub.
Tədbirdə əsas diqqət mini/mikro PUA-lara və yeni nəsil FPV dronlara qarşı müdafiə imkanlarına yönəldilib. Sınaqlar zamanı iki fərqli ssenari həyata keçirilib.
İlk ssenaridə KANGAL FPV 100 Dron Mini/Mikro İHA FPV Qarışdırma və Korlaşdırma Sistemi istifadə olunub. Sistem dronların idarəetmə siqnallarını pozaraq onların fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır.
İkinci ssenaridə isə EJDERHA AD 210 Yüksək Güclü Elektromaqnit (YGEM) Anti-PUA Əks-Tədbir Sistemi tətbiq edilib.
Nümayiş zamanı sistemlərin real sahə şəraitində hədəfləri aşkar etmə, izləmə, siqnalları bloklama, korlaşdırma və təhlükəni zərərsizləşdirmə imkanları müxtəlif hədəflər üzərində kompleks şəkildə qiymətləndirilib.
ASELSAN bildirir ki, bu sistemlər müasir dövrdə artan dron təhdidlərinə qarşı elektron müdafiə imkanlarını gücləndirmək məqsədi ilə hazırlanıb.



