İran Prezidenti Məsud Pezeşkian ölkədə iqtisadi sahədə “səssiz müharibə” getdiyini bildirib. O, iqtisadi cəbhədə aparılan mübarizənin raketlərin atıldığı müharibədən daha çətin olduğunu vurğulayıb.
Çağdaş.Az xəbər verir ki,Pezeşkian İllik Kapital Bazarı Konfransında çıxışı zamanı ölkədəki iqtisadi problemlərə toxunub. O, zərərlə fəaliyyət göstərən dövlət şirkətlərinin idarəetməsinin yenidən nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.
İran Prezidenti bildirib ki, nəticə göstərə bilməyən rəhbərlər vəzifələrini tərk etməlidirlər.
“Biz səssiz müharibənin içindəyik. Bu, raketlərin atıldığı və dağıntıların yaşandığı müharibədən daha çətindir. Biz bərabər olmayan və ədalətsiz bir müharibə ilə üz-üzəyik. Bir qrup zalım, təzyiq göstərən və zorakı ölkə İranı zəiflətmək istəyir, lakin xalq buna imkan vermədi. Təhlükəsizlik qüvvələrimiz güclü şəkildə cavab verdi. Siz investorlar və istehsalçılar düşməni məyus etdiniz”, – deyə Pezeşkian bildirib.
İran Prezidenti ölkədə resursların bölüşdürülməsində ədalətin təmin edilməsinin vacibliyini də vurğulayıb.
“Əvvəlcə bir problemimizin olduğunu qəbul etməli, daha sonra onu həll etmək üçün addım atmalıyıq. İlk addım milli birlik, həmrəylik və bir-birimizə olan güvəndir”, – deyə Pezeşkian əlavə edib.


