Son dəqiqə
BYD-nin Avropada satış və istehsalı qadağan edildi Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi “Qoca qitə”də qorxunc müharibə kabusu: NATO geri çəkilir, Rusiya isə hücuma keçir Həftənin ilk iş günü hava necə olacaq? Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Corc Vaşinqtonun saçından bir tutam 4 min dollara satıldı ABŞ-ın məşhur beyin mərkəzi kiberhücuma məruz qaldı – donor məlumatları TƏHLÜKƏDƏ Vens: “İran müharibəsi ilə bağlı mənim vəzifəm prezidentə dəstək olmaqdır” Pezeşkian: “İranda səssiz müharibə gedir, iqtisadi savaş daha çətindir” Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı

“Qoca qitə”də qorxunc müharibə kabusu: NATO geri çəkilir, Rusiya isə hücuma keçir

Dünya
Rusiyanın təhdidlərinə paralel olaraq, NATO-nun fəaliyyət planındakı dəyişikliklər və Şərqi Avropadakı hərbi insidentlər “qoca qitə”də təhlükəsizlik strategiyasının daha da sərtləşdiyini göstərir… Və bütün bunlar NATO-Rusiya hərbi-siyasi qarşıdurmasının indikindən daha təhlükəli ziddiyyət çərçivəsinin formalaşmaqda olduğunu da biruzə verir…
Rusiya NATO-dan açıq şəkildə Orta Asiya, Cənubi Qafqaz, Ukrayna və Şərqi Avropada hərbi fəaliyyətini dayandırmağı tələb edir. Kremlin bu tələbi Ağ Ev və rəsmi Kiyevlə Ukrayna savaşının dayandırılmasına yönəlik danışıqlara paralel olaraq, irəli sürülüb. Eyni zamanda, NATO daxilində Ukrayna müharibəsi və müdafiə xərcləri ilə bağlı fikir ayrılıqlarının alyansın fəaliyyətinə neqativ təsir göstərdiyi də bildirilir.
Onu da qeyd etmək lazımdır ki, “The New York Times” nəşrinin yaydığı məlumata görə, həm də NATO-nun genişlənməsinin dayandırılmasını və alyansın hərbi mövcudluğunun 1997-ci il səviyyəsinə qaytarılmasını istəyir. Bu şərtin qəbul edilməsi isə Polşa və Baltikyanı ölkələrdə NATO-nun hərbi potensialının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə nəticələnə bilər. Və üstəlik, Rusiya Ukraynaya ən müasir Qərb silahlarının tədarükünün dərhal dayandırılmasında da israrlıdır.2-2-rus-av-n-1.JPG (97 KB)

Bütün bunlarla yanaşı, Rusiya Ukraynanın Avropa Birliyinə üzvlüyünə prinsipial etiraz etmədiyini, ancaq bu ölkənin Avropanın ümumi müdafiə siyasətində iştirak etməməli olduğunu bildirir. Bu yanaşma tərzi Rusiyanın Ukraynanın Avropa Birliyi ilə iqtisadi və siyasi inteqrasiyasına müəyyən çərçivədə razılaşmağa hazır olduğunu göstərir. Ancaq Kreml hərbi-strateji məsələlərdə ciddi məhdudiyyətlər də tələb edir.

Bütün bunlara paralel olaraq, NATO daxilindəki fikir ayrılıqları da bu alyansın gələcək fəaliyyət formatına neqativ təsir göstərməyə başlayıb. Belə ki, “Associated Press”in məlumatına görə, 2027-ci ildə Albaniyada keçirilməsi planlaşdırılan NATO liderlərinin sammiti ləğv edilib. Üstəlik, alyans yüksək səviyyəli görüşlərin sayını azaltmaq qərarına da gəlib. Və bu önəmli dəyişikliklərin müdafiə xərcləri, eləcə də, Ukraynada müharibəsi ətrafında yaranmış vəziyyətlə bağlı NATO üzvləri arasında fikir ayrılıqları ucbatından baş verdiyi bildirilir.

Bəzi məlumatlara görə, NATO çərçivəsində yüksək səviyyəli görüşlərin azaldılması yalnız dövlət və hökumət başçılarının toplantıları ilə məhdudlaşmır. Belə ki, NATO ölkələrinin müdafiə nazirlərinin 2026-cı ilin oktyabrında keçirilməsi nəzərdə tutulan görüşü baş tutmayıb və 2027-ci ilin oktyabrı üçün də belə bir toplantı planlaşdırılmır. Xarici işlər nazirləri isə gələn il iki dəfə deyil, yalnız bir dəfə toplaşacaqlar. NATO-nun siyasi rəhbərliyi bu dəyişiklikləri alyansın fəaliyyətinin yenidən təşkili və daha çevik idarəetmə proqramının tərkib hissəsi kimi təqdim edir. Və NATO-nun baş katib Mark Rütte bildirib ki, belə sammitlər yalnız zərurət yarandığı zaman keçirilməlidir.

6b71f1bb-d739-488a-a42a-69ae5c3e2461.jpg (241 KB)

Belə anlaşılır ki, NATO-nun yaxın gələcək üçün planlarında Rusiya ilə sərt qarşıdurma variantı mövcud deyil. Ona görə də, hərbi-siyasi gərginliyi mümkün qədər azalda biləcək addımların ön plana keçirilməsinə üstünlük verilir. Halbuki, hazırda NATO və Rusiya arasında hərbi-siyasi gərginlik azalmaq əvəzinə daha da artmaqda davam edir. Belə ki, NATO-nun Şərqi Avropa cinahında yer alan Polşa hava məkanına üç naməlum obyektin daxil olduğunu açıqlanıb. Və ilkin ehtimallara görə, naməlum obyektlərdən ikisi raket, biri isə pilotsuz uçuş aparatı olub.

Maraqlıdır ki, NATO-nun baş katibi Mark Rütte Polşanın təhlükəsizliyinə yönəlik açıqlamasında alyansın bu ölkənin ərazisinin hər qarışını müdafiə edəcəyini vurğulayıb. Bu, NATO-nun şərq cinahında təhlükəsizlik problemlərinin aktuallığını qoruduğunu və alyansın istənilən hərbi təhdidə qarşı kollektiv müdafiə prinsipinə sadiqliyini göstərir. Bu baxımdan, NATO-ya məxsus kəşfiyyat təyyarəsinin Rusiyanın Kalininqrad vilayəti yaxınlığında müşahidə olunması maraq doğurur. Və həmin kəşfiyyat təyyarəsinin Rumıniyada yerləşən NATO hərbi bazasından havaya qalxdığı da bildirilir.

1-1e42f7fa-07f2-4ecc-a49b-fd4ed1e8d454.jpg (307 KB)

Onu da nəzərə almaq lazımdır ki, Kalininqrad Baltikyanı regionda Rusiyanın strateji əhəmiyyət daşıyan hərbi mövqelərindən biri hesab olunur. NATO təyyarələrinin bu ərazi yaxınlığındakı kəşfiyyat fəaliyyəti regionda qarşılıqlı hərbi müşahidə və təhlükəsizlik tədbirlərinin intensivliyini göstərən amillərdən sayılır. Yəni, bütün bunlar Rusiya-NATO hərbi-siyasi qarşıdurmasının yalnız Ukrayna savaşı ətrafındakı kəskin ziddiyyətlər ilə məhdudlaşmadığını göstərir. Və daha geniş coğrafi məkanda təhlükəsizlik arxitekturası uğrunda mübarizənin davam etdiyini biruzə verir.

Göründüyü kimi, Rusiyanın NATO-dan Orta Asiya, Cənubi Qafqaz və Şərqi Avropada öz hərbi fəaliyyətini məhdudlaşdırmasını tələb etməsi alyansın regional mövcudluğuna yönəlik daha genişmiqyaslı strateji mübahisənin tərkib hissəsidir. Rusiyanın bu tələbləri, NATO-nun fəaliyyət planındakı dəyişikliklər və Polşanın hava məkanında insidentlər Avropanın şərq regionlarında təhlükəsizlik gündəliyinin daha da sərtləşdiyini göstərir. Və bütün bunlar NATO-Rusiya hərbi-siyasi qarşıdurmasının indikindən daha təhlükəli ziddiyyət çərçivəsinin formalaşa biləcəyini də göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)