Son dəqiqə
İlham Əliyev fərman imzaladı COP31 çərçivəsində Antalyada dayanıqlı turizmin gələcəyi müzakirə olunub Qlobal bazarlarda yeni həftə qeyri-müəyyən başlayıb – investorlar istiqamət axtarır Nazirlər Kabineti qərar qəbul etdi: Bu tələb LƏĞV EDİLDİ ABŞ bazarlarında texnologiya səhmləri kəskin ucuzlaşıb Əlilliyə görə ödəniş alanların sayı açıqlandı Rusiya, ABŞ və Ukrayna arasında yeni üçtərəfli danışıqlar keçiriləcək Paşinyan Köçəryan və Serj Sarqsyanı Ermənistanı talamaqda ittiham edib Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilir Ermənistanın hazırkı Konstitusiyasında Qarabağla bağlı nə deyilir?

COP31 çərçivəsində Antalyada dayanıqlı turizmin gələcəyi müzakirə olunub

Dünya

Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində dayanıqlı turizmin inkişafı, mədəni irsin qorunması və turizm sektorunda ekoloji həllərin tətbiqi məsələləri müzakirə olunub. Tədbirlərdə Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrin turizm sektorunun nümayəndələri iştirak ediblər.

Çağdaş.Az xəbər verir ki, Türkiyə Turizmin Təşviqi və İnkişafı Agentliyi (TGA) tərəfindən COP31-in Yaşıl Zonasında “Turizm və Mədəni İrs Günü” təşkil olunub. Proqram dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini, alimləri, iş adamlarını və turizm sənayesinin təmsilçilərini bir araya gətirib.

Beş sessiyadan ibarət proqramda 20 panelist, dörd moderator və üç əsas məruzəçi iştirak edib. Müzakirələrdə dayanıqlı turizmə keçid, bu sahəyə investisiyalar, qonaqpərvərlik və infrastrukturun inkişafı, mədəni irsin qorunması, qastronomiya və beynəlxalq turizm şirkətlərinin ekoloji strategiyaları əsas mövzular olub.

Tədbirin açılış sessiyasında TGA-nın İdarə Heyətinin üzvü Ece Tonbul, BMT-nin Turizm Təşkilatının icraçı direktoru Shijun Liu və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı və Xarici Əlaqələr Departamentinin rəhbəri Gözde Şahin çıxış ediblər.

Günün ilk panelində Türkiyədə dayanıqlı turizm modelinin formalaşdırılması və beynəlxalq təcrübənin tətbiqi müzakirə olunub. Sonrakı sessiyalarda turizm infrastrukturuna investisiyalar, innovativ həllər, mədəni irsin gələcək nəsillərə ötürülməsi və qastronomiyanın dayanıqlı turizmə töhfəsi diqqət mərkəzində olub.

Proqramın sonuncu panelində Expedia, Booking.com, DERTOUR Group, Intrepid Travel və easyJet kimi beynəlxalq şirkətlərin nümayəndələri turizm sektorunda dayanıqlılıq siyasətlərini və ekoloji təcrübələrin genişləndirilməsi imkanlarını təqdim ediblər.

COP31-in Mavi Zonasında, Türkiyə pavilyonunda da Turizm Tematik Günü çərçivəsində tədbirlər keçirilib. “Turizmdə iqlim həlləri: sıfır tullantı, elektrikləşmə, dayanıqlılıq və investisiyalar” mövzusunda təşkil olunan paneldə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, BMT-nin Turizm Təşkilatının icraçı direktoru Shijun Liu, Braziliya Turizm Nazirliyinin nümayəndəsi Augusto Lira da Rocha və Azərbaycanın Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev çıxış ediblər.

Müzakirələrdə turizm sektorunun iqlim dəyişikliyi ilə mübarizəyə verə biləcəyi töhfələr, dövlət və özəl sektor arasında əməkdaşlıq, sıfır tullantı siyasəti və dayanıqlı investisiyaların təşviqi məsələləri nəzərdən keçirilib.

COP31 çərçivəsində Antalyanın mədəni irsinin beynəlxalq nümayəndə heyətlərinə tanıdılması istiqamətində də təşəbbüslər həyata keçirilib. Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy yenidən qurulan Antalya Arxeologiya Muzeyinin 2027-ci ildə ziyarətçilər üçün açılacağını bildirib. Konfrans müddətində Side şəhərində gecə muzey ziyarətləri də təşkil olunub. Rəsmi nümayəndə heyətlərinə nazirliyin tabeliyindəki muzey və arxeoloji ərazilərə ödənişsiz giriş imkanı yaradılıb.

Bununla yanaşı, tanıtım proqramı çərçivəsində Antalya 40-dan çox beynəlxalq turizm nümayəndəsini qəbul edib. Qonaqlar arasında Körfəz ölkələri, Yaxın Şərq, Hindistan, Avropa və Böyük Britaniyadan olan tur operatorları, onlayn səyahət agentlikləri, beynəlxalq tədbir təşkilatçıları və media təmsilçiləri yer alıblar.

Nümayəndə heyətləri Antalya EXPO kompleksini ziyarət edərək şəhərin beynəlxalq konqreslər, sərgilər və irimiqyaslı tədbirlər üçün infrastrukturu və imkanları ilə tanış olublar.

COP31 çərçivəsində keçirilən tədbirlər Türkiyənin dayanıqlı turizm sahəsindəki təşəbbüslərinin beynəlxalq səviyyədə təqdim edilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və Antalyanın qlobal turizm və işgüzar tədbirlər mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.