Son dəqiqə
Reklam
Reklam

Avropada təhlükəsizlik həyəcanı: Finlandiyada deputatların evlərinə müəmmalı basqınlar

Dünya

Finlandiyada millət vəkillərinin evlərinə edilən şübhəli girişlər ölkədə təhlükəsizlik narahatlığı yaradıb. Bir neçə siyasətçinin evində icazəsiz daxilolma cəhdləri qeydə alındıqdan sonra polis genişmiqyaslı araşdırmaya başlayıb.

Çağdaş.Az xəbər verir ki, Finlandiya parlamentinin rəhbərliyi çoxsaylı deputatların evlərində şübhəli giriş və ya giriş cəhdləri ilə bağlı məlumat aldığını təsdiqləyib. Helsinki polisi hadisələrlə bağlı ilkin istintaq tədbirlərinə başlayıb.

Maraqlı məqam isə odur ki, evlərdən heç bir əşyanın oğurlanmadığı bildirilir. Bu isə basqınların məqsədi ilə bağlı suallar yaradıb.

Finlandiya mətbuatının məlumatına görə, oxşar hadisələrin sayının 10-dan çox ola biləcəyi ehtimal edilir. Finlandiya Təhlükəsizlik və Kəşfiyyat Xidməti (Supo) də deputatların evlərinə yönəlmiş bu cür giriş cəhdlərindən xəbərdar olduğunu açıqlayıb.

Adının açıqlanmasını istəməyən bir deputat yerli mediaya bildirib ki, onun da evinə daxil olunub. Lakin hadisəni necə aşkar etdiyi barədə əlavə məlumat verməyib.

Parlament sədri Jussi Halla-aho da deputatların evləri ilə bağlı onlara daxil olan şübhəli hadisələrin sayının “əhəmiyyətli” olduğunu qeyd edib.

Məlum olub ki, hadisələr eyni gündə baş verməyib. Bildirilir ki, qeydə alınan hallar daha uzun müddət ərzində baş verib və ilk hadisə təxminən bir il əvvəl yaşanmış ola bilər.

Basqınların arxasında hansı məqsədin dayandığı hələlik müəyyən edilməyib. Lakin evlərə daxil olunsa da, heç bir əşyanın götürülməməsi xarici müdaxilə ehtimalını gündəmə gətirib.

Finlandiyanın dövlət televiziyası “Yle”nin məlumatına görə, bəzi evlərdə zorla giriş izləri aşkarlanmayıb, lakin adi halda diqqət çəkməyəcək müəyyən işarələr qeydə alınıb. Parlament sədri bu işarələrin qəsdən buraxılmış ola biləcəyini bildirib.

Finlandiyanın Baş naziri Petteri Orpo xarici qüvvələrin hadisələrdə rolunun mümkün olduğunu deyib. O, Avropanın müxtəlif ölkələrində Rusiyanın seçkilərə təsir göstərməyə yönəlmiş cəhdlərinin müşahidə edildiyini xatırladaraq, Finlandiyada da mümkün xarici müdaxilə riskinin ciddi qəbul edilməli olduğunu vurğulayıb.

Orpo bildirib ki, araşdırma zamanı yalnız deputatların deyil, hökumət üzvlərinin evlərində də oxşar hadisələrin olub-olmadığı yoxlanılacaq.

Polis isə indiki mərhələdə hadisələrin arxasında konkret şəxs və ya dövlətin dayandığını təsdiqləməyib.

Hadisələrdən sonra Finlandiya parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib. Keçirilən qapalı təhlükəsizlik toplantısında parlament qruplarının rəhbərlərinə deputatların evlərinə yönələn giriş cəhdləri barədə məlumat verilib.

Millət vəkillərinə diqqətli olmaları, şübhəli halları dərhal aidiyyəti qurumlara bildirmələri və zərurət yaranarsa hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunub.

Finlandiya Prezidenti Aleksandr Stab hadisələrə sərt reaksiya verib.

“Millət vəkilinə hücum demokratiyaya hücumdur”, – deyə Stubb bildirib və bu cür halların qəbuledilməz olduğunu vurğulayıb.

Hazırda polis araşdırmanı davam etdirir. Hadisələrin səbəbi və arxasında dayanan şəxslər barədə rəsmi məlumat açıqlanmayıb.