Son dəqiqə
Reklam
Reklam

Avropada virus həyəcanı: Ölənlərin sayı artır

Dünya

Hollandiyada “Qərbi Nil” virusu səbəbindən həyatını itirənlərin sayı artmaqda davam edir. Hollandiya Milli İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu (RIVM) son həftələrdə daha 4 nəfərin virusdan öldüyünü açıqlayıb. Bununla da bu il Hollandiyada “Qərbi Nil” virusundan ölənlərin sayı 9 nəfərə çatıb.

Çağdaş.Az-ın RIVM-ə istinadən məlumatına görə, ölkədə 6 ildən sonra ilk yerli mənşəli “Qərbi Nil” virusu infeksiyası ötən ilin avqustunda qeydə alınıb. Həmin vaxtdan etibarən ümumi yoluxma sayı 56-ya yüksəlib.

Qurum son həftələrdə yeni yoluxmaların sayında azalma müşahidə olunduğunu bildirərək, epidemiyanın ehtimal ki, pik həddinə çatdığını qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, “Qərbi Nil” virusu əsasən ağcaqanadlar vasitəsilə insanlara ötürülür. Yoluxan hər 150 nəfərdən təxminən birində xəstəlik ağır fəsadlara səbəb ola bilər.

Təşkilatın qiymətləndirməsinə görə, bu il Avropada müşahidə olunan rekord isti hava dalğaları ağcaqanadların yayılma arealını genişləndirib və virusun daha sürətlə yayılması üçün əlverişli şərait yaradıb.

Məlumata görə, “Qərbi Nil” virusuna yoluxma hallarında Yunanistan və İtaliyada da artım qeydə alınıb. Səhiyyə qurumları əhalini ağcaqanadlardan qorunmaq üçün profilaktik tədbirlərə əməl etməyə çağırır.