Azərbaycanda ətraf mühitə təsir göstərən fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin istehsalat monitorinqi aparması və nəticələr barədə illik hesabat təqdim etməsi nəzərdə tutulur.
Cagdas.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər istehsalat monitorinqi aparmalı olacaqlar. Monitorinq təsərrüfat fəaliyyətinin ətraf mühitə təsiri nəticəsində baş verən dəyişikliklərin müşahidəsini və öyrənilməsini əhatə edəcək.
Dəyişikliklərə görə, monitorinq zamanı istifadə olunan ölçmə vasitələrinin tipi “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun tələblərinə uyğun təsdiqlənməli və həmin vasitələr müvafiq yoxlamadan keçirilməlidir.
Bundan başqa, hüquqi şəxslər istehsalat monitorinqinin nəticələrinə dair illik hesabatı növbəti il fevralın 1-dən gec olmayaraq aidiyyəti dövlət qurumuna təqdim etməli olacaqlar. Hesabatlar müəyyən edilmiş forma əsasında hazırlanacaq.
Qanun layihəsində ekoloji məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı da yeni tələb nəzərdə tutulur. Belə ki, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini hazırlayan şəxslər nəticələr barədə ictimaiyyəti məlumatlandırmaqla yanaşı, həmin sənədi rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün müvafiq dövlət qurumuna təqdim etməli olacaqlar.
Layihə, həmçinin “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun bəzi müddəalarında terminoloji dəqiqləşdirmələri nəzərdə tutur.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


