Türkiyənin “Qalatasaray” klubu müdafiəçi El Çadaille Bitşiabunun transfer hüququnu almaq niyyətində deyil.
Çağdaş.Az xəbər verir ki, Almaniyanın Bild nəşrinin yaydığı məlumata görə, İstanbul təmsilçisi fransalı futbolçunun müqaviləsində nəzərdə tutulan 28 milyon avroluq satınalma opsiyasından istifadə etməyəcək.
Xəbərdə bildirilir ki, komandanın məşqçilər heyəti futbolçunun artıq çəkisindən narazıdır. Məhz bu səbəbdən Bitşiabu mövsüm ərzində kifayət qədər oyun praktikası qazana bilməyib.
Məlumata görə, mövsüm başa çatdıqdan sonra gənc müdafiəçi məxsus olduğu RB Leipziq klubuna qayıdacaq.
Bitşiabu son olaraq Türkiyə Superliqasında “Konyaspor”a qarşı keçirilən oyunda 68-ci dəqiqədə meydana daxil olub. O, etdiyi 17 ötürmənin hamısını dəqiq ünvanına çatdırıb və iştirak etdiyi ikili mübarizələrin heç birində uduzmayıb.
Bildirilir ki, baş məşqçi Okan Buruk mövsümün qalan hissəsində gənc stoperə əsasən Türkiyə Kuboku oyunlarında şans verməyi planlaşdırır.
Həmçinin xəbərdə qeyd olunur ki, “Qalatasaray” qış transfer pəncərəsində sol mərkəz müdafiəçisi heyətə cəlb edəcəyi təqdirdə, Leipzig klubu ilə danışıqlar apararaq Bitşiabunun icarə müqaviləsini yanvar ayında vaxtından əvvəl də dayandıra bilər.


