İran hökuməti Azərbaycan-İran sərhədindən avtomobil idxalının genişləndirilməsi barədə qərar qəbul edib.
Çağdaş.Az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qərara əsasən, Ərdəbil Azad İqtisadi Bölgəsi avtomobillərin rəsmiləşdirilməsi üçün gömrük məntəqəsi kimi təsdiq edilib.
Bu qərarla İran–Azərbaycan sərhədindən avtomobil idxalı üzrə yeni logistik marşrut rəsmi şəkildə aktivləşdirilib. Məlumata görə, bu addım ölkədə avtomobil idxalına qoyulan bəzi şərti məhdudiyyətlərin yumşaldılması və xarici avtomobillərə artan tələbat fonunda atılıb.
İran rəsmiləri bildirirlər ki, əsas məqsəd idxal prosesini sürətləndirmək, gömrük məntəqələrində yaranan yüklənməni azaltmaq, həmçinin nəqliyyat və anbar xərclərini optimallaşdırmaqdır.
Yeni marşrutun istifadəyə verilməsi ilə avtomobillərin gömrükdən keçid sürətinin artacağı, anbar imkanlarının daha effektiv idarə olunacağı və bəzi əməliyyat xərclərinin azalacağı gözlənilir.
















