Son illər dünyanın geosiyasi xəritəsi sürətlə dəyişir. Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik, enerji böhranı və qlobal ticarət marşrutlarının yenidən formalaşması Avropanın xarici siyasət prioritetlərini də dəyişməyə məcbur edib. Bu dəyişikliklərin fonunda Almaniyanın Azərbaycana münasibətində müşahidə olunan yaxınlaşma təsadüfi deyil. Əgər əvvəllər Bakı Berlin üçün əsasən enerji ixracatçısı kimi qiymətləndirilirdisə, indi Azərbaycan Avropanın enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və Cənubi Qafqaz siyasətində strateji tərəfdaş statusu qazanır.
Prezident İlham Əliyevin Almaniyaya gözlənilən rəsmi səfəri də məhz bu yeni reallığın göstəricisidir. Bu səfər təkcə diplomatik protokol xarakteri daşımır. Əksinə, Berlinin Azərbaycanın artan regional və qlobal rolunu qəbul etdiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Əslində Almaniyanın Azərbaycana marağının əsas səbəbi dəyişən dünya nizamıdır. Rusiya qazından asılılığın azalması, Çin bazarında yaranan qeyri-müəyyənlik və Yaxın Şərqdə davam edən böhran Avropanın yeni tərəfdaşlara ehtiyacını artırıb. Bu şəraitdə Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən vacib logistika qovşaqlarından biri kimi ön plana çıxır.
Bu gün Azərbaycan Avropanın bir sıra ölkələrini təbii qazla təmin edir, Cənub Qaz Dəhlizi isə artıq qitənin enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, Orta Dəhlizin inkişafı Almaniya üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Avropa sənayesi üçün alternativ nəqliyyat marşrutlarının yaradılması artıq iqtisadi deyil, strateji təhlükəsizlik məsələsi hesab olunur.
Berlin tədricən anlayır ki, Cənubi Qafqazda sabitlik olmadan nə enerji layihələrinin, nə də yeni nəqliyyat dəhlizlərinin tam fəaliyyəti mümkündür. Bu baxımdan Azərbaycanın bölgədə oynadığı rol Almaniyanın siyasi dairələrində əvvəlki illərlə müqayisədə daha yüksək qiymətləndirilir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və Almaniya şirkətlərinin Azərbaycana artan marağı da bunu təsdiqləyir.
Maraqlı məqamlardan biri də odur ki, bir neçə il əvvəl Avropa daha çox Azərbaycana şərtlər irəli sürən tərəf kimi çıxış edirdisə, indi vəziyyət dəyişib. Qlobal böhranlar göstərdi ki, Avropanın da etibarlı tərəfdaşlara ehtiyacı var. Bu mənada Azərbaycan təkcə enerji resurslarına görə deyil, siyasi sabitliyi, praqmatik xarici siyasəti və regional layihələrdə aparıcı rolu ilə də Almaniyanın diqqət mərkəzinə çevrilib.
Prezident İlham Əliyevin Almaniyaya planlaşdırılan səfərində enerji, yaşıl iqtisadiyyat, logistika, sənaye əməkdaşlığı və investisiya layihələrinin əsas müzakirə mövzuları olacağı gözlənilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələrində Almaniya şirkətlərinin iştirak perspektivləri də gündəmdə ola bilər.
Bütün bunlar göstərir ki, Almaniya-Azərbaycan münasibətləri yeni mərhələyə daxil olur. Dəyişən geosiyasi reallıq fonunda Berlin artıq Bakıya təkcə tərəfdaş kimi deyil, Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin mühüm təminatçılarından biri kimi baxır. Azərbaycanın artan beynəlxalq nüfuzu isə bu münasibətlərin gələcək illərdə daha da dərinləşəcəyini göstərən əsas amillərdən biridir.(modern.az)
















