Bəzən olur ki, sərnişinlər taksidən düşərkən telefon, pul kisəsi və digər şəxsi əşyalarını avtomobildə unudurlar. Lakin sonradan həmin əşyaları geri almaq mümkün olmur.
Bəs belə hallarda kim məsuliyyət daşıyır və sərnişin hüquqlarını necə qoruya bilər?
Cagdas.az -ın məlumaına görə, mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, vətəndaş telefonunu, pulqabısını, çantasını və ya digər şəxsi əşyasını taksidə unutduğunu aşkar etdikdə, ilk növbədə istifadə etdiyi nəqliyyat xidmətinin mobil tətbiqi vasitəsilə sürücü ilə əlaqə saxlamalıdır.

Onun sözlərinə görə, bu zaman sürücüyə məlumat verərək əşyanın avtomobildə qalıb-qalmadığını dəqiqləşdirmək və onun geri qaytarılmasını tələb etmək mümkündür:
“Əgər bu mümkün olmazsa, birbaşa həmin daşıma şirkətinin qaynar xəttinə müraciət etməlidir. Əgər vətəndaş əşyasının həqiqətən həmin avtomobildə qaldığını sübut edə bilirsə, sürücü ilə əlaqə yaradılaraq əşyanın geri qaytarılması tələb olunmalıdır. Bunun üçün səfərin tarixi, saatı, marşrutu və sifariş məlumatları da əhəmiyyət daşıyır. Çünki həmin məlumatlar avtomobilin və sürücünün müəyyənləşdirilməsinə kömək edir. Sürücü ilə əlaqə saxlamaq və ya şirkət vasitəsilə məsələni həll etmək mümkün olmadıqda isə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Vətəndaş 102 xidmətinə zəng edə, həmçinin ərazi üzrə polis idarəsinə və ya polis bölməsinə yazılı ərizə ilə müraciət edə bilər. Burada əsas məsələ şəxsin əşyasının məhz həmin nəqliyyat vasitəsində qalmasını əsaslandıra bilməsidir. Yəni vətəndaş niyə belə düşündüyünü izah etməli, əlində olan sübutları təqdim etməlidir. Səfər tarixçəsi, sifariş məlumatları və sürücü ilə yazışmalar bu baxımdan kömək edə bilər. Əgər araşdırma zamanı əşyanın avtomobildə qaldığı təsdiqlənərsə, həmin əşya sahibinə qaytarılmalıdır. Ancaq sürücü əşyanı tapdığı halda geri qaytarmırsa və ya onun başqa şəxs tərəfindən götürüldüyü müəyyənləşirsə, məsələ artıq hüquqi məsuliyyət yarada bilər. Belə vəziyyətdə hadisənin hallarından asılı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında araşdırma aparılmalı, cinayət tərkibi müəyyən edilərsə, cinayət işi başlanılmalıdır”.


