Stellantis şirkəti arxa görüntü kamerasının proqram təminatında aşkar olunan nasazlıq səbəbindən dünya üzrə 955 min avtomobili geri çağırdığını açıqlayıb.
Çağdaş.Az xəbər verir ki, geri çağırılan avtomobillərin 848 mini ABŞ-da, təxminən 107 mini isə Kanada, Meksika və digər ölkələrdə yerləşir.
Şirkətin məlumatına görə, problem multimedia sisteminin proqram təminatı ilə bağlıdır və bu nasazlıq arxa görüntü kamerasının işləməməsinə səbəb ola bilər.
Geri çağırma aşağıdakı 2026 və 2027 model avtomobillərini əhatə edir:
Chrysler Pacifica
Chrysler Pacifica Plug-in Hybrid
Chrysler Voyager
Dodge Charger
Jeep Cherokee
Jeep Compass
Jeep Gladiator
Jeep Grand Cherokee
Jeep Grand Wagoneer
Jeep Wrangler
Ram 1500
Ram 2500
Ram ProMaster
Stellantis bildirib ki, problem simsiz proqram yeniləməsi (OTA) vasitəsilə aradan qaldırılacaq. Avtomobil sahibləri yeniləmə barədə məlumatı multimedia ekranında alacaqlar.
Şirkət qeyd edib ki, nasazlıqla bağlı indiyədək heç bir qəza və ya xəsarət hadisəsi qeydə alınmayıb.
Sürücülərə tövsiyə olunur ki, arxa görüntü kamerası işləmədiyi hallarda geri hərəkət zamanı yalnız yan və arxa görünüş güzgülərindən istifadə etsinlər.
ABŞ-ın Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyası (NHTSA) 2014-cü ildə qəbul etdiyi qərarla 2018-ci ildən etibarən bütün yüngül avtomobillərdə arxa görüntü kameralarının məcburi olmasını tələb edib. Qurumun məlumatına görə, ABŞ-da geri hərəkət zamanı baş verən qəzalar hər il orta hesabla 210 nəfərin ölümünə, 15 min nəfərin isə xəsarət almasına səbəb olur. Ölənlərin təxminən 30 faizi 5 yaşadək uşaqlardır.
















