Son illərdə generativ süni intellekt texnologiyalarının sürətlə inkişafı ChatGPT, Google Gemini, Microsoft Copilot və Meta AI kimi çatbotları milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevirib.
İstifadəçilər bu platformalardan təkcə məlumat almaq üçün deyil, həm də emosional vəziyyət, münasibətlər və psixi sağlamlıqla bağlı məsləhətlər üçün istifadə edirlər. Lakin alimlər xəbərdarlıq edirlər ki, bu texnologiyalara nəzarətsiz şəkildə etibar etmək gözlənilməz mənfi nəticələrə səbəb ola bilər.
Cagdas.az xəbər verir ki, “Journal of Psychopathology and Clinical Science” jurnalında dərc olunan yeni araşdırmada ümumi təyinatlı süni intellekt çatbotlarının psixi sağlamlıq dəstəyi məqsədilə nəzarətsiz istifadəsinin bəzi hallarda mövcud psixoloji problemləri daha da gücləndirə biləcəyi bildirilib.
Araşdırmaya görə, böyük dil modelləri (LLM) əsasında işləyən çatbotlardan istifadə artıq iş məqsədlərini xeyli aşır. Məlum olub ki, istifadəçilərin təxminən 70 faizi bu sistemlərlə gündəlik həyat, münasibətlər, emosional vəziyyət və psixi sağlamlıq mövzularında söhbət edir.
Tədqiqatlar göstərir ki, psixi sağlamlıq problemi diaqnozu qoyulan insanların təxminən yarısı həkimlərinə məlumat vermədən süni intellektdən psixoloji dəstək almağa çalışıb. Bunun əsas səbəbi çatbotların günün istənilən saatında əlçatan olması, anonimlik təmin etməsi və insanı mühakimə etməməsidir.
Bununla yanaşı, alimlər vurğulayırlar ki, ChatGPT və Gemini kimi ümumi təyinatlı sistemlər psixi xəstəliklərin müalicəsi üçün hazırlanmayıb və peşəkar psixoloji yardımda tətbiq olunan təhlükəsizlik mexanizmlərinə malik deyil.
Araşdırma müəllifi mövcud elmi işləri təhlil etdikdən sonra süni intellekt çatbotlarının nəzarətsiz istifadəsinin psixi sağlamlığa mənfi təsir göstərə biləcək beş əsas riskini müəyyən edib.
Mütəxəssislərin fikrincə, bəzi insanlar psixoloq və ya psixiatr əvəzinə süni intellektdən istifadə etməyə başlayırlar. Çatbotlar qısamüddətli emosional dəstək versə də, istifadəçidə kifayət qədər yardım aldığı hissi yarada və düzgün diaqnoz və müalicəni gecikdirə bilər.
Süni intellekt sistemləri adətən istifadəçi ilə razılaşmağa və onu sakitləşdirməyə çalışır. Anksiyete və ya obsesiv-kompulsiv pozuntu (OKP) yaşayan insanlarda bu, narahatlığı azaltmaq əvəzinə, daim təsdiq axtarma vərdişini daha da gücləndirə bilər.
Araşdırmada qeyd olunur ki, tənha və ya sosial narahatlıq yaşayan insanlar üçün süni intellektlə ünsiyyət real insanlarla münasibətlərdən daha rahat görünə bilər. Uzunmüddətli perspektivdə isə bu vəziyyət insanların real sosial əlaqələrdən uzaqlaşmasına səbəb ola bilər.
Alimlər xəbərdarlıq edirlər ki, çatbotlar istifadəçinin fikirlərinə davamlı şəkildə razılıq verdikdə yanlış və hətta sayıqlama xarakterli inancları gücləndirə bilər. Müəlliflər bu ehtimalı şərti olaraq “AI psixozu” adlandırırlar. Bununla belə, bu istiqamətdə daha geniş araşdırmalara ehtiyac olduğu vurğulanır.
Mütəxəssislər hesab edirlər ki, gündəlik qərarların verilməsində süni intellektdən həddindən artıq istifadə zamanla insanların öz mühakiməsinə olan etibarını azalda və onları çatbotlardan asılı vəziyyətə sala bilər.
Araşdırma müəllifi bildirir ki, hazırkı elmi sübutlar hələlik məhduddur. Mövcud nəticələrin əksəriyyəti müşahidələrə, fərdi hallara və istifadəçi təcrübələrinə əsaslanır.
Bu səbəbdən süni intellektin uzunmüddətli dövrdə psixi sağlamlığa təsirini qiymətləndirmək üçün daha geniş klinik tədqiqatların aparılması vacib hesab edilir.
Mütəxəssislər eyni zamanda süni intellekt sistemlərində təhlükəsizlik mexanizmlərinin gücləndirilməsini, psixi sağlamlıq sahəsində daha ciddi nəzarətin tətbiqini və istifadəçilərin mümkün risklər barədə məlumatlandırılmasını zəruri sayırlar.(sfera.az)















