Fransa Prezidenti Emmanuel Makron və Çad Prezidenti Məhəmməd İdris Debi İtno Parisdə keçirilən görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair niyyət bəyanatı imzalayıblar.
Çağdaş.Az xəbər verir ki, Makron ABŞ-ın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək Çad Prezidentini Parisdə qəbul etməkdən məmnunluğunu ifadə edib.
Fransa liderinin sözlərinə görə, imzalanan sənəd iki ölkə arasında müdafiə sahəsində tərəfdaşlığın inkişafı istiqamətində atılan addımdır. O, həmçinin qarşılıqlı hörmətə əsaslanan, hər iki xalqın maraqlarına xidmət edən iqtisadi və mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Səfərdən əvvəl Yelisey sarayından verilən açıqlamada bildirilib ki, liderlər danışıqlar zamanı ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.


