Son dəqiqə
Reklam
Reklam

Qorxulan baş verdi! Ərəb ölkəsinin can damarını vurdular

Dünya

Səudiyyə Ərəbistanının şərqində yerləşən Zəhran şəhərində dünyanın ən böyük neft şirkətlərindən biri olan “Saudi Aramco”ya məxsus inzibati binaya raket zərbəsi endirildiyi bildirilir. Hücum nəticəsində binada yanğın baş verib, yuxarı mərtəbələrə ziyan dəyib. Hadisə zamanı ölən və yaralanan olmayıb.

Çağdaş.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin məlumatına görə, oktyabrın 13-də axşam saatlarında Zəhran şəhərindəki “Saudi Aramco”ya məxsus inzibati binalardan biri hücuma məruz qalıb. Zərbədən sonra binada məhdud miqyaslı yanğın baş verib. Hadisə yerinə gələn müvafiq qurumların əməkdaşları yanğını nəzarətə götürərək təhlükəsizlik tədbirləri görüblər.

“Reuters” agentliyinin şirkət mənbələrinə istinadən yaydığı məlumata görə, “Saudi Aramco”nun Zəhrandakı baş qərargah kompleksində yerləşən ofis binasına ballistik raket düşüb. Nəticədə binanın yuxarı üç mərtəbəsinə ziyan dəyib.

Həmin kompleks şirkətin neft yataqları, boru kəmərləri, neft emalı zavodları və ixrac terminalları ilə bağlı əməliyyatlarının idarə olunmasında mühüm rol oynayır.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya eyni vaxtda husilərin Zəhran istiqamətində buraxdığı ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Koalisiya sözçüsü Türki əl-Maliki bildirib ki, zərərsizləşdirilən raketin qalıqları Zəhrandakı yaşayış məntəqələrindən birinə düşüb.

Bundan başqa, Ər-Riyadın şimalında üç pilotsuz uçuş aparatının, Əl-Əhsa bölgəsinə yönələn digər ballistik raketin də qarşısının alındığı bildirilib. Lakin “Saudi Aramco”nun binasına düşdüyü deyilən raketlə zərərsizləşdirilən raketin eyni olub-olmadığı məlum deyil.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi Ər-Riyadda hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən iki raketin qalıqlarının yaşayış məntəqələrinə düşdüyünü açıqlayıb.

Hadisə nəticəsində iki qadın, bir kişi və bir uşaq olmaqla dörd nəfərin yaralandığı, 15 yaşayış evinə ziyan dəydiyi bildirilib.

“Associated Press” agentliyinin məlumatına görə, hücumlar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin paytaxtı Sənada husilərə məxsus hədəflərə hava zərbələri endirdiyi dövrə təsadüf edib.

Husilər Səudiyyə Ərəbistanının hərbi əməliyyatlarına cavab verəcəklərini bildiriblər. “Saudi Aramco”nun Zəhrandakı mərkəzi də daha əvvəl təhdid edilən obyektlər arasında yer alıb.

Səudiyyə Ərəbistanı hakimiyyəti isə ölkənin təhlükəsizliyinə və Qırmızı dənizdə dəniz nəqliyyatına yönələn təhdidlərə qarşı tədbirlər görəcəyini bəyan edib.

Hücum nəticəsində şirkətin inzibati binasına ziyan dəydiyi bildirilsə də, “Saudi Aramco”nun neft hasilatında və ya ixracında fasilə yaranması barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Bölgədə gərginliyin artması enerji infrastrukturunun təhlükəsizliyi və neft daşımalarının həyata keçirildiyi strateji marşrutlarla bağlı narahatlıqları artırır.