Səhiyyə sahəsində islahatlar həm İcbari Tibbi Sığorta, həm də TƏBİB xətti ilə davam edir.
Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.
O qeyd edib ki, komitədə icbari tibbi sığortanın fəaliyyəti ilə bağlı dəfələrlə müxtəlif təkliflər səsləndirilib:
“Biz İcbari Tibbi Sığortanın fəaliyyətini müsbət qiymətləndirməklə yanaşı, mövcud çətinlikləri və problemləri də daim dilə gətirmişik. Həm deputatlar, həm də komitə üzvləri bu məsələləri hər zaman qabardıblar.
Milli Məclisin Səhiyyə komitəsində dəfələrlə qeyd etmişik ki, icbari tibbi sığorta əhali arasında rast gəlinən bütün xəstəlikləri və patologiyaları əhatə etməlidir. Çünki bütün tibbi xidmətlər sığorta çərçivəsində qarşılanmayanda vətəndaşlar arasında müəyyən narazılıqlar yaranır. Əminəm ki, yeni islahatlar çərçivəsində bu məsələ də öz həllini tapacaq”.
Əhliman Əmiraslanov səhiyyə üzrə dövlət proqramlarının icbari tibbi sığortaya inteqrasiyasını da aktual məsələlərdən biri adlandırıb:
“Dövlət proqramlarının böyük əksəriyyəti artıq icbari tibbi sığorta ilə qarşılansa da, bir neçə vacib proqram hələ də bu zərfə daxil edilməyib. Təcrübə göstərir ki, bu proqramlar icbari tibbi sığortaya inteqrasiya olunduqca xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti də artır”.
Komitə sədri ambulator müalicə alan xəstələrin dərman preparatları ilə təminatının icbari tibbi sığorta hesabına qarşılanmasının da xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Bir-iki il əvvəl ‘Tibbi sığorta haqqında’ Qanuna müvafiq dəyişikliklər etmişik. Bu məsələ də əhalinin səbirsizliklə gözlədiyi mövzulardan biridir”.
Ə.Əmiraslanov ilkin tibbi xidmətin səviyyəsini səhiyyə sistemində həllini gözləyən əsas problemlərdən biri kimi göstərib:
“Ən vacib problemlərdən biri ilkin tibbi xidmətin səviyyəsidir. Bu sahədə mövcud vəziyyət bizi tam təmin edə bilməz. Xüsusilə bölgələrdə və infrastrukturu zəif olan kəndlərdə ilkin tibbi yardımın təşkili ilə bağlı ciddi çətinliklər qalmaqdadır”.\modern.az\
















