Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb geosiyasi təsir dairəsini genişləndirmək məqsədilə istənilən ölkədə “rəngli inqilab” təşkil etmək imkanına malikdir.
Çağdaş.Az xəbər verir ki, Lavrov bu fikirləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) ev sahibliyi etdiyi Mərkəzi Asiya və Əfqanıstanın təhlükəsizliyinə həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib.
Rusiyalı nazirin sözlərinə görə, Qərbin geosiyasi ekspansiyası və “rəngli inqilab” ssenariləri istənilən ölkəni hədəfə ala bilər.
“Tamamilə istənilən ölkə, o cümlədən Mərkəzi Asiyadakı tərəfdaşlarımız Qərbin geosiyasi ekspansiyasının və ya onun təşkil etdiyi rəngli inqilabların qurbanına çevrilə bilər”, – deyə Lavrov bildirib.
Nazir qeyd edib ki, Rusiyanın qonşu dövlətlərinin bir neçəsinə qarşı bu cür cəhdlər artıq baş verib.
“Qonşularımızdan bir neçəsinə qarşı belə cəhdlərin qarşısı artıq alınıb”, – deyə o əlavə edib.
Lavrov çıxışında bu cür proseslərin regional təhlükəsizlik üçün ciddi risk yaratdığını vurğulayıb. Bununla yanaşı, o, konkret hansı ölkələri və ya hansı hadisələri nəzərdə tutduğunu açıqlamayıb.



