Son dəqiqə
Reklam
Reklam

Lavrov: Zelenski seçkilərin keçirilməsi üçün qəbuledilməz şərtlər irəli sürür

Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski seçkilərin keçirilməsində maraqlı deyil və bununla bağlı irəli sürdüyü şərtlər qəbuledilməzdir.

Çağdaş.Az xəbər verir ki, Lavrov bu fikirləri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə Müşavirənin (CICA) 7-ci Zirvə Görüşündə iştirakından sonra jurnalistlərə bildirib.

“Cənab Zelenski artıq açıq şəkildə göstərib ki, seçkilərdə maraqlı deyil. Çünki o, seçkilərin keçirilməsi üçün açıq-aşkar qəbuledilməz şərtlər irəli sürüb”, – deyə Rusiya XİN rəhbəri bildirib.

Jurnalistlərin Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə Moskvanın hər hansı güzəştlərə hazır olub-olmayacağı ilə bağlı sualını cavablandıran Lavrov, bu barədə fərziyyə yürütmək istəmədiyini deyib.

“Biz fərziyyələr irəli sürmək niyyətində deyilik”, – deyə o vurğulayıb.

Lavrov eyni zamanda bildirib ki, Moskva Ukraynaya yenidən silah tədarükü üçün istifadə oluna biləcək atəşkəsə razı olmayacaq.

“Onun (Zelenskinin) yenidən silahlandırılması və özünə gəlməsi üçün nəzərdə tutulmuş heç bir atəşkəs olmayacaq”, – deyə Rusiya XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, Vladimir Zelenskinin prezidentlik müddəti rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb. Ukrayna hakimiyyəti isə ölkədə hərbi vəziyyət qüvvədə olduğu üçün prezident seçkilərinin keçirilməsinin mümkün olmadığını bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da Zelenskinin seçkilər keçirməli olduğunu və Ukraynadakı münaqişənin sülh yolu ilə daha əvvəl başa çatdırıla biləcəyini bəyan etmişdi.