Metroda aparılan yeni tikinti işləri ilə əlaqədar mərkəzi stansiyalar arasında əlaqənin kəsilməsi bu nəqliyyat növü ilə sərnişin daşınmasının azalmasına, əvəzində avtobuslarla sərnişin daşınmasının daha çox artmasına səbəb olub.
Cagdas.az statistik məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində metrodan 141 578 000 sərnişin istifadə edib.
Əvvəlki ilin eyni dövrünə nisbətən metrodan istifadə edən sərnişin sayı 0,7 faiz və ya 1 milyon azalıb.
Amma avtobuslardan istifadə edənlərin sayı kəskin artıb. Bu ilin səkkiz ayında avtobuslardan 1,281 milyarddan çox sərnişin istifadə edib. Bir il əvvəlki dövrə nisbətən avtobusdan istifadə edənlərin sayı 11 faiz və ya 127 milyon sərnişin artıb.
Qeyd edək ki, avtobuslarda sərnişindaşımaya aid statistik məlumat bütün ölkə üzrə göstəriciləri əhatə edir. Lakin nəzərə alsaq ki, avtobuslarla sərnişin daşınmasının 50 faizi Bakının payına düşür və metrodakı tikinti ilə əlaqədar paytaxtda avtobuslardan daha çox istifadə edilir, deməli avtobuslardan istifadə edən sərnişinlərin sayındakı böyük artım məhz Bakıdakı göstəricilərdəki dəyişikliklə bağlıdır. Böyük ehtimalla bu səbəbdən qarşıdakı aylarda avtobuslardan istifadə edən sərnişin sayı daha da artacaq.\sfera.az\
















