Dünyada elə bir qəsəbə var ki, burada evinizin bir otağında Niderlandda, digər otağında isə Belçikada ola bilərsiniz. Pasport nəzarəti və sərhəd-keçid məntəqəsi olmayan bu qeyri-adi yerdə beynəlxalq sərhəd küçələrdən, səkilərdən, restoranlardan, hətta evlərin içindən keçir. Sərhədi isə yerdə çəkilmiş ağ xətlər müəyyən edir.
Niderland və Belçika sərhədində yerləşən Baarle-Nassau və Baarle-Hertog qəsəbələri bir-birinin ərazisinə qarışmış çoxsaylı torpaq sahələrindən ibarətdir. Bu səbəbdən sərhəd xətti bəzən küçələrin, mağazaların və yaşayış evlərinin tam ortasından keçir.
Cagdas.az xəbər verir ki, qəsəbədə ən maraqlı qaydalardan biri evlərin sərhəd xəttinə görə müəyyənləşdirilməsi ilə bağlıdır. Mənbədə bildirilir ki, yaşayış evinin əsas giriş qapısının hansı ölkənin ərazisində yerləşməsindən asılı olaraq həmin evin hansı ölkəyə aid olduğu müəyyən edilir.
Bu qayda bəzi sakinlər üçün vergi və hüquqi baxımdan fərqli imkanlar yarada bilir. Mənbədə daha az vergi ödəmək və ya müəyyən qanuni üstünlüklərdən yararlanmaq üçün evlərinin giriş qapısının yerini dəyişdirən sakinlərin də olduğu qeyd olunur.
Sərhədin qeyri-adi quruluşu xüsusilə iki ölkədə fərqli qaydaların tətbiq edildiyi dövrlərdə maraqlı mənzərələr yaradıb.
Məsələn, mağazaların bağlanma saatları fərqli olduqda eyni mağazanın Niderland ərazisində qalan hissəsi bağlanarkən, Belçika tərəfində yerləşən bölməsində satış davam edə bilib.
COVID-19 pandemiyası zamanı isə vəziyyət daha da qeyri-adi olub. Restoran və kafelərin daxilindən keçən sərhəd xətləri səbəbindən bəzi obyektlərdə masaların bir hissəsi istifadə edilə, digər hissəsi isə tətbiq olunan məhdudiyyətlərə görə boş qala bilib.
Qəsəbədə sərhədin gündəlik həyata təsiri bununla da bitmir. Mənbəyə görə, Niderland tərəfində müəyyən məhdudiyyət və ya erkən bağlanma saatı qüvvəyə mindikdə, müştərilər bir neçə addım ataraq Belçika ərazisində yerləşən masalara keçə biliblər.
Beləliklə, eyni küçədə, hətta eyni restoran və ya mağazada iki fərqli ölkənin qanunları ilə qarşılaşmaq mümkündür.
Baarle-Nassau və Baarle-Hertog sakinləri üçün isə bütün bunlar artıq gündəlik həyatın bir hissəsinə çevrilib. Turistlərin böyük marağına səbəb olan bu ərazi dünyada dövlət sərhədinin yaşayış məkanlarına bu qədər qeyri-adi şəkildə daxil olduğu nadir yerlərdən biri kimi diqqət çəkir.\Musavat.com\


