Özəl məhkəmə ekspertlərinin gəlirlərindən 10 faiz vergi tutulması, həmçinin onların məcburi dövlət sosial sığortasına cəlb edilməsi nəzərdə tutulur.
Cagdas.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə əsasında aldıqları haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunacaq.
Həmin haqlardan xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulacaq. Ekspertlər hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim edəcəklər. Hər ay hesablanmış vergi isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəniləcək.
“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə görə, özəl məhkəmə ekspertləri gəlirlərinin xərclər çıxıldıqdan sonra qalan hissəsinin 15 faizi məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
“Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə isə vergi uçotuna alınmış özəl məhkəmə ekspertlərinin sığortalı qismində özlərinin çıxış etməsi nəzərdə tutulur.


