“Qalatasaray” yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir.
Cagdas.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Porto” klubunda çıxış edən gənc hücumçu Deniz Gülün transferi ilə bağlı razılığa gəlib.
Məlumata görə, tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Transfer xəbərləri üzrə tanınmış jurnalist Fabrizio Romanonun sözlərinə əsasən, “Qalatasaray” və “Porto” futbolçunun keçidi ilə bağlı razılıq əldə ediblər.
22 yaşlı hücumçunun transferinin bonuslar da daxil olmaqla, ümumilikdə 11 milyon avroya başa gələcəyi gözlənilir.
Deniz Gülün yaxın zamanda İstanbula gələcəyi bildirilir. Gənc futbolçunun tibbi müayinədən keçdikdən sonra “Qalatasaray”la rəsmi müqavilə imzalaması planlaşdırılır.
Türkiyə millisinin də üzvü olan Deniz Gül hücum xəttində çıxış edir. İstanbul klubunun rəhbərliyi onun transferi ilə komandanın ön xəttini daha gənc və perspektivli futbolçu ilə gücləndirməyi hədəfləyir.
Qeyd edək ki, keçidin bütün detalları rəsmiləşdirildikdən sonra “Qalatasaray”ın transferi rəsmi şəkildə açıqlaması gözlənilir.\metbuat.az\
















