Son günlər “Roblox” platforması ilə bağlı uşaqların təhlükəsizliyi və psixoloji vəziyyətinə təsir məsələsi yenidən gündəmə gəlib.
Buna səbəb Baş Prokurorluğun sentyabrın 13-də Xətai rayonunda baş verən yeniyetmə ölümü ilə bağlı yaydığı açıqlama olub. Açıqlamada ilkin araşdırma zamanı yeniyetmənin “Roblox” platformasında qarşılaşdığı, psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı bildirilib.
Hadisə fonunda uşaqların onlayn oyun platformalarında qarşılaşdığı məzmunun onların psixologiyasına və davranışlarına təsiri məsələsi də aktuallaşıb.
Bəs “Roblox” kimi uşaqlar arasında geniş yayılan onlayn oyun platformalarında qarşılaşılan zərərli məzmun və çağırışlar uşağın psixoloji vəziyyətinə hansı səviyyədə təsir göstərə bilər? Valideynlər belə təsirləri uşağın davranışındakı hansı dəyişikliklərdən müəyyən edə bilərlər?
Cagdas.az bildiriri ki mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq, psixoterapevt Elgül Ağarzayeva bildirib ki, yeniyetməlik dövrü böhranlı mərhələ olduğundan uşaqlar virtual mühitdə gördükləri məzmundan, ünsiyyətdə olduqları insanlardan və daxil olduqları qruplardan emosional olaraq təsirlənə bilərlər:

“Burada risk bir neçə formada yarana bilər. Uşaq qorxuducu və ya depressiv məzmunla qarşılaşa, digər istifadəçilər tərəfindən bullinq və təzyiq görə, müəyyən qruplarda ümidsizliyin və özünə zərər davranışlarının normallaşdırılması ilə rastlaşa və ya bu cür davranışlara sövq edilə bilər. Ümumiyyətlə, özünə qəsd davranışına təkrarlanan təsir, sosial təzyiq, manipulyasiya, uşağın mövcud emosional həssaslığı və digər amillər səbəb ola bilər”.
Psixoloq vurğulayıb ki, valideynlər “Roblox” kimi platformaların yalnız oyun funksiyası daşımadığını nəzərə almalıdırlar:
“Valideynlər bilməlidirlər ki, “Roblox” bu tip proqramlar sadəcə oyun deyil, həm də çat platformasıdır. Burada övladınızın kiminlə və hansı məzmunda danışması onun həyatına təsir edə bilər. Son olaraq valideynlərə bildirmək istərdim ki, istər uşaqlıq, istərsə də yeniyetməlik dövründə olan övladınızın şəxsiyyəti hələ formalaşma mərhələsindədir. Buna görə də onların koqnitiv bacarıqları, dərk etmə və analiz etmə qabiliyyəti yetkin insanlarda olduğu səviyyədə deyil. Hər bir uşaq və yeniyetmənin həyat tərzi və virtual mühitdə fəaliyyəti valideyn nəzarətində olmalıdır”.
Qeyd edək ki, “Roblox” istifadəçilərin müxtəlif oyunlar oynaya, öz oyunlarını yarada və digər istifadəçilərlə onlayn ünsiyyət qura bildiyi rəqəmsal oyun platformasıdır. Platformada müxtəlif yaş qruplarına uyğun minlərlə oyun və istifadəçi tərəfindən yaradılan məzmun yer alır.
“Roblox” xüsusilə uşaqlar və yeniyetmələr arasında geniş istifadə olunur. Platformada oyun funksiyası ilə yanaşı, istifadəçilərin bir-biri ilə mesajlaşa və ünsiyyət qura bilməsi də mümkündür. Bu səbəbdən valideyn nəzarəti və uşaqların platformada hansı məzmunla qarşılaşmasının izlənməsi təhlükəsizlik baxımından əhəmiyyət daşıyır.
















