Vladimir Putin Moskvada yanacaq bazarındakı vəziyyətə həsr olunmuş müşavirənin açılışında çıxış edib. Tədbirdə Rusiya hökumətinin məsul şəxsləri və aparıcı enerji şirkətlərinin rəhbərləri iştirak ediblər.
Cagdas.az xarici mediaya istinadən xəbər verir ki, Putin ölkədə sürücülərin və müəssisələrin yanacaqla təminatında problemlərin hələ də davam etdiyini bildirib. O, mövcud vəziyyətlə əlaqədar yanacaq ixracına müvəqqəti qadağa qoyulmasının da mümkün olduğunu qeyd edib.
Prezident bildirib ki, bir neçə gün əvvəl hökumət üzvləri ilə daxili bazarda yanacaq təminatının vəziyyəti ətraflı müzakirə olunub.
“İnfrastruktur obyektlərinə qarşı törədilən terror hücumlarının təsiri minimuma endirilməlidir”, – deyə Putin vurğulayıb.
O, əhalinin, müəssisələrin və sosial əhəmiyyət daşıyan təşkilatların yanacaqla fasiləsiz və sabit təmin olunması üçün əlavə tədbirlərin nəzərdən keçirilməsini tapşırıb.
Putinin sözlərinə görə, iri neft emalı zavodları hazırda maksimum istehsal gücü ilə fəaliyyət göstərir, orta və kiçik müəssisələr də istehsal prosesinə cəlb olunub. O əlavə edib ki, davam edən texniki xidmət işlərinin müddəti azaldılıb, planlaşdırılmış profilaktik təmir işlərinin isə bir hissəsi daha sonrakı tarixlərə təxirə salınıb.
Rusiya Prezidenti qeyd edib ki, bazara çıxarılan yanacağın həcmi artırılmalı, qiymətlər isə iqtisadi baxımdan məqbul səviyyədə saxlanılmalıdır. Onun sözlərinə görə, daxili istehlakçıların maraqlarını qorumaq məqsədilə benzin və aviasiya yanacağının ixracına müvəqqəti qadağa tətbiq edilib.(manset.az)
















