Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir.
Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 5 fəsil və 14 maddədən ibarət layihə pulsuz hüquqi yardımın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Layihənin məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının, qanuni maraqlarının müdafiəsi və pulsuz hüquqi yardım almaq hüququ olan şəxslərin keyfiyyətli hüquqi yardımla təmin edilməsidir.
Layihəyə əsasən, hüquqi yardıma ehtiyacı olan, lakin xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan, maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan aztəminatlı şəxslər peşəkar hüquqi yardım ala biləcəklər. Bu qrupa ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olan işləməyən şəxslər və müvafiq dövlət qurumunda işsiz kimi qeydiyyatda olan şəxslər daxildir.
Hüquqi yardıma ehtiyacı olan şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər və korrupsiya ilə bağlı hüquqpozmalar barədə müvafiq qanuna uyğun məlumat verən şəxslər də bu hüquqdan yararlana biləcəklər.
Yetkinlik yaşına çatmayanlar, qaçqın statusu almış və Azərbaycan tərəfindən siyasi sığınacaq verilmiş şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar və həmin uşaqların arasından olan şəxslər, üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də peşəkar hüquqi yardım almaq hüququ olanların sırasına daxil edilib. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər isə azadlığa çıxdıqları gündən bir il müddətində bu yardımdan istifadə edə biləcəklər.
Həmin şəxslər pulsuz hüquqi yardım almaq hüququnu sonradan itirsələr də, müraciət etdikləri iş üzrə yardımın göstərilməsi dayandırılmayacaq.
Pulsuz hüquqi yardım Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təşkil ediləcək. Kollegiya fəaliyyət göstərdikləri ərazilərə uyğun olaraq pulsuz hüquqi yardım göstərən şəxslərin reyestrini aparacaq.
Yardım almaq hüququ olan şəxslər və ya onların qanuni nümayəndələri təsdiqedici sənədlər və məlumatlar əlavə edilmiş ərizə ilə Vəkillər Kollegiyasına şəxsən, poçt vasitəsilə və ya elektron qaydada müraciət edə biləcəklər. Qanunla başqa hal nəzərdə tutulmadıqda, yardım dövlət büdcəsindən bu məqsədlə Kollegiyaya ayrılmış vəsait hesabına göstəriləcək.
Layihədə ilkin və peşəkar hüquqi yardım anlayışları müəyyənləşdirilir. İlkin hüquqi yardım qanunvericilik, dövlət qurumlarının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri, hüquqların məhkəmədən kənar və məhkəmə qaydasında həyata keçirilməsi və müdafiə üsulları barədə məlumatlandırmanı əhatə edir. Ərizə, şikayət və digər sənədlərin hazırlanmasına kömək, eləcə də peşəkar hüquqi yardım anlayışına daxil olmayan digər yardım formaları da bu xidmətə aiddir.
Peşəkar hüquqi yardım cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini, zərərçəkmiş fiziki şəxsin təmsil olunmasını, xüsusi ittihamçıya, cinsi istismar və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə və insan alverinin qurbanına hüquqi yardım göstərilməsini nəzərdə tutur.
İnzibati qaydada tutulmuş şəxslərə yardım, inzibati xəta üzrə barəsində icraat aparılan fiziki şəxsin müdafiəsi və zərərçəkmiş şəxsin təmsil olunması da peşəkar hüquqi yardıma daxildir. Bu xidmət mülki işlər və inzibati mübahisələr üzrə məhkəmədə təmsilçiliyi, həmçinin hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş fiziki şəxsin Konstitusiya Məhkəməsində və digər dövlət qurumlarında təmsil edilməsini əhatə edir.
Cinayət işləri üzrə peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi, xüsusi ittihamçıya isə onun nümayəndəsi tərəfindən dövlət hesabına yardım göstəriləcək. İnsan alverinin qurbanına, cinsi istismar və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə, habelə vəfat etmiş zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış yaxın və ya digər qohumuna vəkil tərəfindən yardım göstərilməsi Cinayət-Prosessual Məcəlləyə uyğun həyata keçiriləcək.
Mülki işlər və inzibati mübahisələr üzrə dövlət hesabına hüquqi yardım müvafiq olaraq Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə uyğun göstəriləcək. İnzibati qaydada tutulmuş və inzibati xəta üzrə barəsində icraat aparılan fiziki şəxslərə yardım İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək. Konstitusiya Məhkəməsində təmsilçiliklə bağlı yardım isə bu qanuna, “Konstitusiya Məhkəməsi haqqında” və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara uyğun göstəriləcək.
Layihədə vəkillərin “pro bono” xidməti çərçivəsində pulsuz hüquqi yardım almaq hüququ olan şəxslərə ictimai fayda naminə ildə azı 30 saat ödənişsiz hüquqi yardım göstərməsi nəzərdə tutulur. Bu tələbə əməl edilmədikdə, xidmət göstərilməyən hər saat üçün Vəkillər Kollegiyasına 18 manat ödəniləcək. Pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina qadağan olunur.
“Pro bono” xidməti paraleqallar, vəkil köməkçiləri və hüquq klinikaları tərəfindən ilkin hüquqi yardım göstərilməsini də əhatə edir. Hüquqşünas kadrlar hazırlayan ali təhsil müəssisələrində hüquq klinikalarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tədris-elm müəssisəsi və Vəkillər Kollegiyası ilə razılaşdırılacaq. Yardım hüquqşünas müəllimlərin rəhbərliyi və nəzarəti altında göstəriləcək.
Paraleqallar Vəkillər Kollegiyasının üzvü olmayan, müvafiq qurumun tədris-elm müəssisəsində ilkin hazırlıq təlimini uğurla başa vuraraq sertifikat almış və Kollegiyanın təşkil etdiyi ixtisasartırma kurslarında mütəmadi iştirak edən ali təhsilli şəxslər olacaq. Onlar dövlət büdcəsindən ayrılmış vəsait hesabına ilkin hüquqi yardım göstərəcəklər.
İlkin hüquqi yardım paraleqallarla yanaşı, vəkil köməkçiləri və vəkillər tərəfindən də göstəriləcək. Hüquq klinikaları da bu prosesdə iştirak edə biləcək. Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət yardım mərkəzləri tərəfindən dövlətin zəmanət verdiyi həcmdə sosial-hüquqi xidmətlər göstəriləcək.
Vəkilə və ya vəkil qurumuna müraciət zamanı ixtisaslaşmış vasitəçilərə ehtiyacı olan əlilliyi olan şəxslər dövlət hesabına qiraətçi və peşəkar surdo tərcüməçi xidmətləri ilə təmin ediləcəklər.
Pulsuz hüquqi yardımın əsas prinsipləri hüquqi yardıma ehtiyacı olan bütün şəxslərin hüquq bərabərliyi, əlçatanlıq, peşəkarlıq, operativlik, keyfiyyət, effektivlik, konfidensiallıq və maraqlar toqquşmasının yolverilməzliyi olacaq.
Qanun vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərə şamil edilməyəcək. Ələt azad iqtisadi zonasında isə pulsuz hüquqi yardım sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanuna uyğun tənzimlənəcək.


