Müvafiq təhsil tələblərinə cavab verən müharibə veteranları ümumi, peşə və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin oluna biləcəklər. Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə görə, pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim strategiyaları üzrə kurslar təşkil ediləcək.
Cagdas.az bildirir ki bura hansı hərbiçilərin aid olacağı və mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb. Onun sözlərinə görə tədris prosesində xüsusi xidmətləri ilə seçilən veteranlar iştirak etməlidir.
“Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində tədris olunan “Çağırışaqədərki hazırlıq” fənninin müharibə veteranları tərəfindən tədris edilməsi böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu tədris prosesini dövlət tərəfindən hərbi təltiflərə layiq görülmüş, xüsusi xidmətləri ilə seçilən və müəyyən statusa malik şəxslər həyata keçirə bilərlər.
Bu fənni tədris edəcək şəxslərin hərbi sənədləri qaydasında olmalı, peşəkar bacarıqları tam formalaşmalıdır. Təhsil səviyyəsinə gəldikdə isə, burada ali və ya orta ixtisas təhsilli şəxslərə daha çox üstünlük verilməsi məqsədəuyğundur. Eyni zamanda, həmin şəxslər zəruri hərbi-nəzəri biliklərə dərindən yiyələnməlidirlər ki, şagirdlərə və tələbələrə bu sahənin əsaslarını düzgün şəkildə ötürə bilsinlər.
Müasir dövrün tələblərinə uyğun olaraq, gənclərdə yalnız ənənəvi hərbi biliklər deyil, həm də müvafiq texniki və texnoloji alətlərlə işləmək vərdişləri formalaşdırılmalıdır. Xüsusilə hərbi təyinatlı xüsusi aparatların, məsələn, dronların idarə olunması və onlardan istifadə bacarıqlarının təhsilalanlara öyrədilməsi bu gün olduqca vacibdir”.


