Məlum olduğu kimi Bakının müəyyən ərazilərində ödənişli hərəkət zonalarının yaradılması nəzərdə tutulur. Bu isə həmin ərazilərə şəxsi avtomobillə daxil olan sürücülərin əlavə xərc çəkməsi deməkdir. Məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Avtomobil yolları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Yeni dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən ediləcək. Həmin zonalara nəqliyyat vasitələrinin daxil olmasına görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Toplanan vəsait dövlət büdcəsinə köçürüləcək.
Digər dəyişiklik avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına aiddir. Təklifə əsasən, bu sahədə fəaliyyət göstərən daşıyıcılara məsafə əsaslı avtomobil nəqliyyatı xidmətlərinin göstərilməsinə görə subsidiya ayrılacaq. Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək və onun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək.
Bəs, Bakıda hansı ərazilər ödənişli hərəkət zonalarına daxil ediləcək? Ödəniş bütün avtomobillərə şamil olunacaqmı?

Cagdas.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov məsələ ilə bağlı, Musavat.com-a bu cür mövqe bildirib: “Ödənişli hərəkət zonalarının xəritəsi artıq hazırlanır. İlkin yanaşmaya görə, bu zonaların əsasən nəqliyyat sıxlığının yüksək olduğu paytaxtın mərkəzi hissələrini, tarixi tikililərin yerləşdiyi əraziləri və işgüzar mərkəzləri əhatə etməsi nəzərdə tutulur. Ödənişin sabit tarif əsasında deyil, günün saatından və nəqliyyat intensivliyindən asılı olaraq diferensiallaşdırılması planlaşdırılır. Eyni zamanda, müəyyən güzəştli kateqoriyalar və həmin ərazilərdə yaşayan sakinlər üçün xüsusi tariflərin tətbiqi nəzərdə tutulur. Sistemin fəaliyyəti şlaqbaumlar vasitəsilə deyil, avtomatlaşdırılmış qaydada təşkil ediləcək. Belə ki, ödənişli zonaların giriş və çıxışlarında avtomobillərin dövlət qeydiyyat nişanlarını tanıyan kameralar quraşdırılacaq. Sürücülər ödənişi mobil tətbiq vasitəsilə avtomatik və ya zonaya daxil olduqdan sonra 24 saat ərzində onlayn kanallar üzərindən həyata keçirə biləcəklər. Toplanan vəsaitin isə ictimai nəqliyyatın inkişafına yönəldilməsi nəzərdə tutulur”.


