Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün ticarət, iqtisadi fəaliyyətləri və maliyyə əməliyyatlarını ikinci göstərişə qədər dayandırmaq qərarı verib.
Çağdaş.Az xəbər verir ki, qərar İran ərazisindən atıldığı bildirilən iki ballistik raketin dəniz nəqliyyatını hədəf almasından sonra qəbul edilib.
BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasına görə, İranla həyata keçirilən bütün kommersiya fəaliyyətləri, alış-veriş əməliyyatları və maliyyə əlaqələri müvəqqəti olaraq dayandırılıb.
Qərarın hansı sahələri əhatə etdiyi və tətbiq mexanizmləri ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiya direktoru Afra əl-Hamili bildirib ki, məhdudiyyətlər İranla bağlı bütün iqtisadi və maliyyə əməliyyatlarına şamil edilir.
Bu açıqlama BƏƏ Müdafiə Nazirliyinin İran istiqamətindən buraxıldığı müəyyən edilən iki ballistik raketin dəniz hərəkətini hədəfə aldığını, lakin raketlərin dənizə düşdüyünü açıqlamasından sonra verilib.
Yaxın Şərqdə vəziyyət ABŞ və İsrailin İrana qarşı birgə hücumlarından sonra daha da gərginləşib. Tehran isə buna cavab olaraq, ABŞ hərbi qüvvələrinin yerləşdiyi ölkələrə, o cümlədən BƏƏ-yə qarşı zərbələr endirib.
İran və ABŞ iyunun ortalarında Pakistanın vasitəçiliyi ilə müharibəyə son qoymaq və davamlı sülh razılaşmasına nail olmaq məqsədilə anlaşma memorandumu imzalamışdı.
Lakin razılaşmanın şərtləri və dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı fikir ayrılıqları səbəbindən danışıqlar daha sonra dayanmışdı.
















