Son dəqiqə
Reklam
Reklam

NASA: “Starliner”in pilotlu uçuşu 2028-ci ilə planlaşdırılır

Texnologiya
Screenshot

ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) bildirib ki, Boeing şirkətinin hazırladığı Starliner kosmik gəmisinin növbəti pilotlu uçuşunun 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Çağdaş.Az xəbər verir ki, bu barədə NASA-nın administratoru Cared Isaakman Floridada keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, pilotlu missiyadan əvvəl 2027-ci ildə Starliner gəmisinin Beynəlxalq Kosmik Stansiyaya pilotsuz sınaq uçuşu həyata keçiriləcək. Bundan sonra ekipajlı missiyanın icrasına başlanması nəzərdə tutulur.

İsaakmanın sözlərinə görə, hazırkı plana əsasən, astronavtların Starliner-2 missiyası ilə kosmosa göndərilməsi 2028-ci ildə baş tutacaq.

Astronavtlar Barri Yucin Vilmor və Sunita Uilyams 2024-cü il iyunun 5-də Starliner vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya çatmışdılar. Bu, Boeing-in kosmik gəmisinin ilk pilotlu uçuşu idi.

Onların əvvəlcə iyunun 18-də Yerə qayıtması planlaşdırılsa da, gəminin stansiyaya birləşməsi zamanı bir neçə manevr mühərrikində yaranan nasazlıq səbəbindən dönüş əvvəlcə iyunun 26-na, daha sonra isə qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Starliner 2024-cü il sentyabrın 7-də ekipajsız şəkildə Beynəlxalq Kosmik Stansiyadan ayrılaraq təxminən altı saat sonra ABŞ-ın Nyu-Meksiko ştatındakı “White Sands” Raket poliqonuna eniş etmişdi.

Vilmor və Uilyams isə Yerə yalnız 2025-ci il martın 19-da SpaceX şirkətinin “Crew Dragon” kosmik gəmisi ilə qayıtmışdılar.